Metropoliten kollektivinə ağır itki üz verdi

 14:15 29.04.2022     176

“Bakı Metropoliteni” QSC-nin əmək kollektivinə ağır itki üz verib.

Redaktor.az xəbər verir ki, uzun sürən xəstəlikdən sonra Bakı metrosu inşaatı sahəsində zəngin təcrübəsi və böyük əməyi olmuş, uzun müddət səhmdar cəmiyyətin Tikinti departamenti rəisinin müavini vəzifəsində çalışmış əmək veteranı, ömrünün böyük bir hissəsini Bakının yeraltı yollarının tikintisinə həsr etmiş Əməkdar inşaatçı Rauf Səməd oğlu İsmayılov dünyasını dəyişib.

Qeyd edək ki, Rauf İsmayılov 1953-cü il iyulun 14-də Cəbrayıl rayonunda anadan olmuşdu. 1979-cu ildə İnşaat Mühəndisləri İnstitutunu körpü və tunellər üzrə inşaat mühəndisi kimi bitirib, müxtəlif tikinti sahələrində, dəmir-beton istehsalı zavodunda işləyib. 1986-cı ildən taleyini metro tikintisinə bağlayan R.İsmayılov Bakı Tunel Tikintisi İdarəsinin 2 saylı tikinti idarəsində sahə rəisi, 3 saylı tikinti-quraşdırma idarəsinin baş mühəndisi vəzifələrində çalışıb.

2002-ci ildə “Azərmetrotuneltikinti” Səhmdar Cəmiyyətinin baş idarəsində təhlükəsizlik texnikası və dağ-mədən işləri üzrə baş mütəxəssis, 2005-ci ildən baş texnoloq vəzifələrində çalışmış Rauf İsmayılov “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra, 2014-cü ilin iyul ayından 2022-ci ilin yanvar ayına qədər Səhmdar Cəmiyyətin Tikinti departamentinin rəis müavini vəzifəsini icra edib.

Bakı metrosunun 3-cü növbəsi Şərq sahəsinin 3 (“Xalqlar dostluğu”, “Əhmədli”, “Həzi Aslanov”), 4-cü növbənin Şimal sahəsinin 3 (“Nəsimi, “Azadlıq prospekti”, “Dərnəgül”), həmçinin Bənövşəyi xəttin ilk 3 stansiyasının tikintisində  Rauf İsmayılovun xüsusilə boyük əməyi olub. O, “28 May” və “Elmlər Akademiyası” stansiyalarının 2-ci çıxışlarının tikintisində, stansiyaların təmir və yenidənqurma işlərində də öz dəsti-xətti ilə seçilən və paytaxtın   yeraltı yollarının inşasında silinməz iz qoyan bir mühəndis idi.

Onun metro tikintisi sahəsindəki bu xidmətləri dövlətimiz  tərəfindən yüksək qiymətləndirilmiş və o, “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!