"Azərbaycanda yağ qıtlığı olmayacaq” - Vahid Əhmədov

Xəbər verdiyimiz kimi, 28 aprel tarixində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş verib.
Mətbuatda yayılan məlumatlara görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb, daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş.
Maraqlıdır, Azərbaycanın ən böyük qida şirkətində 6 aylıq yağ ehtiyatının yanması ölkəmizdə yağ qıtlığına səbəb ola bilərmi? Müəssisəyə dəymiş ziyan yağın qiymətlərinə də öz təsirini göstərəcəkmi?
Redaktor.az-ın suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, sözügedən şirkətdəki yanğın ölkəmizdə yağ qıtlığına səbəb olmayacaq. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər yağla əlaqədar ehtiyatlar var:
“Xüsusilə özəl marketlərin anbarlarında və s. Lazım olanda da Azərbaycana gətiriləcək. Bunun ərzaq qıtlığına heç bir dəxli yoxdur. Sumqayıt yolunun kənarında “Azərsun”un böyük bir zavodu idi. Uzun müddətdir işləyirdi. Yaxşı da işləyirdilər. Hadisə nədən baş verib, necə olub, Baş Prokurorluq araşdırır. Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu ilə birgə üzə çıxaracaqlar. Amma yenə deyirəm, bu, heç bir ərzaq və ya yağ qıtlığına gətirib çıxara bilməz. Kifayət qədər iri müəssisələrimiz var ki, onların da ehtiyatları kifayət qədərdir. Həmçinin Pribaltika dövlətlərindən və ya digər dövlətlərdən yağ gətirməkdə də heç bir problem yoxdur.
Ona görə də qiymətlərin bahalaşacağına inanmıram. Bunlar olmamalıdır. Çünki bu hal tez bir zamanda bərpa olunacaq. Mənim aldığım məlumata görə, “Azərsun Sənaye Parkı”nda yanan yerin yanında emal müəssisələri var. Deyirlər ora heç bir ziyan dəyməyib”.
Millət vəkili hesab edir ki, “Azərsun”dakı yanğının dövlətimizin büdcəsinə aidiyyatı yoxdur.
“Onlar özəl şirkətlərdir. Onun büdcəyə heç bir təsiri yoxdur. Özəl şirkətdir. Əgər həmin müəssisə sığorta olunubsa, onu sığorta ödəyəcək. Onun bütün ziyanını özləri ödəyəcəklər. Onun dövlət büdcəsinə heç bir dəxli yoxdur. Ehtiyat da kifayət qədər var. Heç bir yağ qıtlığı olmayacaq”, - deyə Vahid Əhmədov vurğulayıb.
Zərif Ülviqızı