"Bütün dünya etiraf edir ki, azərbaycanlılar kişi kimi vuruşdular" - İlham Əliyev

"İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, “öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışı zamanı bildirib.
"Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar, qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər", - Ali Baş Komandan bildirib.