Deputat Ramiz Mehdiyevin oğluna görə nazirə şikayət etdi:  “Bu, sizi maraqlandırmır?”

 23:07 01.05.2022     800

Deputat Etibar Əliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.

Redaktor.az xəbər verir ki, onun "Facebook"da paylaşdığı müraciətdə deyilir:

“Sizin “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları haqqında” imzaladığınız 30 dekabr 2007-ci il 140 nömrəli Əmrin 5.5-ci bəndində qeyd olunur ki, işçi heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.

Amma  “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Fövqəladə hallar nazirinin müavini, general-mayor Mehdiyev Teymur Ramiz oğluna məxsusdur. Bu həmin nəşriyyatdır ki, 2017- ci ildə "Rus bölməsi" üçün 7 min tirajla çap olunmuş 10-cu sinif "Всеобщая история" dərsliyində qondarma "Velikaya Armeniya" xəritəsini çap etmişdi.

Bu, ölkəmiz üçün birbaşa təxribat idi. O zaman Ramiz Mehdiyev böyük vəzifə  tutduğundan bunun üstünü ört-basdır etdilər. Siz bütün bunlardan xəbərsiz olmazsınız. İmzaladığınız əmrinizin icrasına nəzarət etmək imkanınızın olmadığı bəllidir.

Zaman bunu göstərir. Əmrin imzalanmasından 15 il ötür. Ancaq müavininizin rəhbərlik etdiyi nəşriyyatda Dövlət babamızın milyonlarla manat vəsaitinin mənimsənilməsi məsələsi də Sizi maraqlandırmır? Məncə düşünməyə dəyər...”