"Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq"

 17:15 02.05.2022     1060

"Bilirsiniz, müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq".

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib.

"Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.

İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular. Bir daha demək istəyirəm, həm Aprel döyüşləri zamanı, həm İkinci Qarabağ müharibəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun xatirəsini yaşatmaq, onun övladını dəyərli vətəndaş kimi böyütmək yəqin ki, sizin üçün əsas məsələdir. Dövlət üçün də əsas məsələdir. Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. Bu haqda çox danışmaq istəməzdim. Bu, bizim borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində olacaqdır", - dövlət başçısı vurğulayıb.