Almaniyanın ölkəmizdəki səfiri ADU-nun qonağı oldu - FOTO

 14:14 04.05.2022     2426

Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri Volfqanq Maniq Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Redaktor.az xəbər verir ki, səfiri universitetdə görməkdən məmnun olduğunu deyən ali təhsil ocağının rektoru, akademik Kamal Abdulla ADU tələbələrinin alman dilinə olan marağından danışıb. Bildirib ki, tələbələr alman dilini, Almaniyanın tarixi və mədəniyyətini böyük həvəslə öyrənirlər.

Rektor qeyd edib ki, 6-8 may tarixlərində Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçiriləcək.  

Akademik Kamal Abdulla səfir Volfqanq Maniqi universitetin “Səfir saatı” layihəsinə tələbələrlə görüşə dəvət edib, alman dilinin təbliği ilə bağlı orta məktəblərdə təşviqedici tədbirlərin görülməsini təklif edib.

Almaniya Federativ Respublikasının ölkəmizdəki Səfiri Volfqanq Maniq Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu deyib. Diplomat bildirib ki, “Səfir saatı” layihəsində tələbələrlə məmnuniyyətlə görüşəcək, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaq. ADU tələbələrinin alman dilinə olan marağını yüksək dəyərləndirən səfir “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun təşkilini yüksək dəyərləndirib.

Görüşdə alman dilinin təbliği, mübadilə proqramları, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra səfir tələbələrlə görüşüb. 

2222