AY YAXŞI ADAM

 12:05 05.05.2022     1798

Bilal Mahmudovun əziz xatirəsinə...

İlk dəfə onunla 16 il əvvəl, elə bu ğözəl yaz ayında görüşmüşdük. Onun haqqında yazmaq istəyirdim. Bu məqsədlə oğlu Elşaddan əldə etdiyim nömrəsinə zəng etdim.

  • Alo
  • Bəli.
  • Salam Bilal müəllim.
  • Salam. Kimdi danışan?
  • Seymurdu. Siz məni tanımırsız. Sizinlə görüşmək istəyirəm.
  • Çox gözəl Seymur. Nə ilə bağlı görüşmək istəyirsiniz?
  • Sizin haqqınızda yazmaq istəyirəm.
  • Mən hansı qəhrəmanlıq göstərmişəm ki, mənim haqqımda yazmaq istəyirsiz?– Bir neçə saniyə ara verəndən sonra dedi.
  • Sizin bu günki gənclərə örnək olan həyat yolunuz var. Bunu gənclərə çatdırmaq lazımdır məncə.
  • Mənim həyat yolumla tanışsınız?
  • Bəli. Siz o vaxtlar bizimlə qonşu Kürdəmir rayonunda partiya komitəsinin birinci katib işləmisiniz. Indi də sizi oralarda xeyirxah insan kimi hörmətlə xatırlayırlar.
  • Hə düzdü. Kürdəmir camaatı çox zəhmətkeş, qonaqpərvər camaatdı. Həmişə onlar tərəfindən özümə qarşı hörmət görmüşəm. Nə deyirəm indi ki, yerli çıxdıq (gülür) ünvanı deyirəm yaz. Nə vaxt gələ bilərsən?
  • Bilal müəllim, bəlkə kənarda, yəni parkda-filan görüşək?
  • Yooxx, ev yaxşıdı oğul.
  • Yaxşı. Başqa işiniz yoxdursa saat 4-5 arası gələ bilərəm.
  • Yox, heç bir işimiz yoxdu. Təqaüdçü adamıq, nə işimiz olacaq.

Məni çox mehriban qarşıladılar. Elə bil ki, neçə illərin tanışıyiq kimi. Evdə elə ikisi idi. Bilal müəllim və ömür-gün yoldaşı Fatma xanım. Allah hər ikisinə rəhmət eləsin. Çox səmimi insanlar idi. Bilal müəllim yaxşı  həmsöhbət idi. Onunla söhbət edəndə insan yorulmurdu. Ona qulaq asdıqca, Azərbaycanda 50-90-cı illərdə cəryan edən ictimai-siyasi proseslər haqqında o vaxta kimi heç kimdən eşitmədiyim çox maraqlı  faktları eşitdim. İnsan canlı tarix idi.

Bilal müəllim çox keşməkeşli enişli-yoxuşlu bir həyat yolu keçmişdi. Özünün dediyi kimi “son dərəcə geri qalmış ucqar kənddə doğulmuş bir gəncin” respublika əhəmiyyətli vəzifələrə yüksəlməsi bir tərəfdən Allahın lütfi idisə, digər tərəfdən isə Bilal müəllimin oz işinə qarşı məsuliyyətli olması, tələbkarlığı, ciddiliyi idi. Həm də bu tələbkarlıq və ciddilik ilk növbədə özünə, sonra isə onun tabeçiliyində olanlara qarşı idi. Həyatda əldə etdiyi uğurlar onun başını gicəlləndirməmiş, uğursuzluqlar isə onu ruhdan salmamışdı. Bilal müəllimin həyatın gözlənilməz zərbələrinə həm fiziki, həm də mənəvi cəhətdən dözümlülüyü, gələcəyə nikbin baxması, həm strateji, həm də taktiki cəhətdən həmişə düzgün mövqe seçməsi onu qarşılaşdığı bütün çətinliklərdən uğurla çıxarmışdı.

Bilal müəllim ömrünün 10 ilini birbaşa Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında işləmişdi. 1974-1978-ci illərdə Balakən rayon Partiya Komitəsinin birinci katibi, 1978-1983-cü illərdə isə Kürdəmir rayon Pariya Komitəsinin birinci katibi vəzifələrində işləyib. Bu illərdə Ulu Öndərlə mütamadi təmasda olan Bilal müəllim Heydər Əliyevi yüksək idarəetmə qabliyyətinə malik, vaxtında və düzgün qərar qəbul etməyi bacaran, ədalətli, insanları bir baxışla tanıyan rəhbər kimi qiymətləndirirdi. Bilal müəllim deyirdi ki, onu aldatmaq mümkün deyildi. Söhbət zamanı bəzilərinin onu Heydər Əliyevin gözündən salmaq üçün başladıqları böhtan xarakterli kompaniyalardan və bu kompaniyaların Ulu Öndər tərəfindən rədd edilməsindən də iftixarla danışdı.    

Bu el ağsaqqalı o qədər maraqlı danışırdı ki, onun söhbətlərindən ayrılmaq istəmirdim. Danışan zaman hərdən bir anlıq susub, gözlərini bir nöqtyə dikib dayanırdı. Elə bil ki, danışdığı xatirələri gözlərinin önündə canlandırırdı. Söhbətimiz də o qədər səmimi alındı ki, bir də baxdıq iki saatdan çoxdu söhbət edirik. Sonda soruşdum ki, Bilal müəllim keçdiyiniz bu keşməkeşli ömür yolundan razısınızmı? Bir anlıq susub, sonra dedi:

“Bilirsiz oğul mən həyatımdan, keçdiyim ömür yolumdan əsasən razı adamam. Bunun üçün mən dövlətdən və xüsusi ilə Allahdan çox razı olmuşam. Axı son dərəcə geri qalmış bir kənddə, çox kasıb olmasa da, dövrün çətinlikləri içərisində yaşayan bir ailədə doğulub-böyümüş bir gənc, heç bir qohum himayəsi olmadan dövrün ən yüksək səviyyəsinə qalxa bilibsə, öz ailəsini ürəyi istədiyi kimi saxlayıb, övladlarını boya-başa çatdıra bilibsə, bütün qohumları və dostları ona ümüd yeri kimi baxıblarsa, buna yalnız şükürlər olsun demək lazımdır. Görünür hər şeyi tale mənə qəlbimə görə vermişdir. Bir daha çox çükürlər olsun deyirəm”

Ayağa qalxıb sağollaşmaq istədim. Əlimi buraxmadı.

  • Axşam yeməyinin vaxtıdı, hara gedirsən? Bir yerdə yemək yeyərik gedərsən.
  • Bilal müəllim məmuniyyətlə sizinlə yemək yeyərdim, ancaq mütləq evə getməliyəm. Evə qonaq gələcək.
  • Getməyin üçün elə səbəb  göstərdin ki, sənə təkid edə bilmərəm. Çünki, evə qonaq gələndə evin kişisi evdə olmalıdı. Amma söz ver ki, bir gün qonağımız olacaqsan.
  • Mütləq, İnşAllah.

Ayrılanda “Ömür karvanımın ləpirlərı” adlı kitabını mənə hədiyyə verdi. Xatirələrlə dolu bir kitab. Bizim ilk görüşümüz belə alındı. Bu görüşün sehrindən yaxşı bir yazı alındı və nüfuzlu qəzetlərin birində çap olundu. Bilal müəllim zəng edib təşəkkürün bildirdi. Səsindən hiss etdim ki, yazı xoşuna gəlib.

.... Düz 16 il keçib o görüşdən. Kitab rəfimdə bir kitabı axtardığım zaman Bilal müəllimin mənə verdiy “Ömür karvanımın ləpirlərı” adlı kitabın gördüm. Kitabı vərəqlədikcə Bilal müəllimlə görüşümüz bir filmin kadrları kimi gözlərimin önündən keçdi. Sən demə, o kitabı axtarmağım və axtardığım zaman “Ömür karvanımın ləpirlərı” kitabını görməyim heç də təsadüfü deyilmiş. Çünki may ayının 5-i bu el ağsaqqalının doğum günü imiş. Yaşasaydı Bilal müəllimin 93 yaşı tamam olacaqdı.

Allah Sizə rəhmət eləsin ay YAXŞI ADAM!       

Seymur Şeydayev