Diaspor nümayəndələri Prezidentə yazır: “Azərbaycan xalqı sizə minnətdardır”

 14:26 05.05.2022     446

Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçılarından Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ünvanına təşəkkür məktubları gəlməkdə davam edir.

Redaktor.az-ın məlumatına görə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın göndərdiyi məktubda deyilir:

“Hörmətli cənab Prezident.

İsrail nümayəndə heyəti Şuşa şəhərində keçirilən Azərbaycan diasporunun V Qurultayında – harada yaşamasından asılı olmayaraq, Azərbaycanın hər bir vətənpərvərinin əziz arzusunun təcəssümünə çevrilmiş təntənəli tədbirdə – iştirak etmək fürsətinə görə Sizə səmimi qəlbdən təşəkkür edir.

Zəfər Qurultayı Azərbaycanın mədəniyyət paytaxtında – uzun illik işğaldan azad edilmiş Şuşa şəhərində keçirilib və bu, Azərbaycanın 44 günlük Vətən müharibəsində qalib gəlməsi, ərazi bütövlüyünü bərpa etməsi sayəsində mümkün olub. Azərbaycan hərbçilərinin tarixi qələbəsi Sizin müdrik rəhbərliyiniz, dəqiq siyasi taktikanız, mahir hərbi strategiyanız və incə diplomatiyanız sayəsində əldə olunub.

Azərbaycan diasporu Sizə minnətdardır, çünki bu qələbə nəticəsində Vətənimiz tarixi ədaləti bərpa etdi və Azərbaycan xalqı fəxrlə qalib xalq adlandırılmağa başladı.

Qurultayın yüksək səviyyədə təşkilinə, eləcə də Azərbaycan həqiqətlərinin İsraildə təbliğində göstərdiyi daimi köməyə və dəstəyə, icmamızın fəaliyyətinin koordinasiyasında əziyyətli və fasiləsiz işə görə sədr Fuad Muradov başda olmaqla Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarına təşəkkür edirik.

Vətənimizə və bütün Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq.”

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Azərbaycanlı Əməkdaşlar Assosiasiyasının təsisçisi Bəxtiyar Kərimov da dövlət başçısına səmimi təşəkkürlərini çatdırıb:

“Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycan diasporunun inkişafında xidmətlərə görə məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etməyiniz münasibətilə Sizə dərin təşəkkürümü bildirim. Fürsətdən istifadə edib, bir daha xalqımıza xidmət edəcəyimi nəzərinizə çatdırmaq istərdim.

Hesab edirəm ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş Zəfər Qurultayı xalqımızın həmrəyliyini yenidən nümayiş etdirib və Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlandığı barədə beynəlxalq ictimaiyyətə güclü bir mesaj göndərib.

İkinci Qarabağ Müharibəsinin zəfərlə dolu günləri ərzində xalqımız həmrəyliyimizin necə güclü olduğunu bütün dünyaya nümayiş etdirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi məhz həmin həmrəyliyin və birliyin nəticəsi olmuşdur.

Bu gün isə Qarabağın bərpası və uzunmüddətli erməni işğalının mənfi təsirlərinin aradan qaldırılması – xalqimizin əsas vəzifələrindən biridir. İnanıram ki, Zəfər Qurultayının yüksək əhval-rühiyyəsi hər bir diaspor təskilatına çatdırılacaq və Dünya Azərbaycanlılarının həmrəyliyi indiki mərhələdə Qarabağın bərpasına yönəldilmiş olacaq. Əminəm ki, Dünya Azərbaycanlılarının növbəti Qurultayında biz Qarabağın bərpası istiqamətində görülmüş quruculuq işlərini və xalqımızın həmrəyiliyi nəticəsində əldə olunmuş nailiyyətləri müzakirələr edəcəyik”.

ABŞ-ın Mərkəzi Florida Universitetinin professoru Nazim Muradov “Tərəqqi” medalına layiq görüldüyü üçün Prezident İlham Əliyevə minnətdarlıq edib: “Sizə və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə elm və texnologiyaya verdiyim töhfələri yüksək qiymətləndirdiyiniz üçün, “Tərəqqi” medalına layiq bildiyiniz üçün təşəkkür edirəm.  Mən bu təltifdən qürur duyuram və Azərbaycan Respublikasında  elmin, texnologiyanın, təhsilin təbliğinə töhfə vermək üçün əlimdən gələni etməyə davam edəcəm”.

Rusiyanın əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyev qeyd edib ki, milliyyətindən asılı olmayaraq, hər bir insan üçün ruhuna və ürəyinə yaxın olan yerlər var. Azərbaycanlılar üçün bu yer şübhəsiz ki, Şuşadır: “Bu il 270 yaşı tamam olan şəhər özündə təkcə Azərbaycan xalqının zəngin ənənələrini daşımır, eyni zamanda onun mədəni irsinin ayrılmaz parçasıdır. Ömrünü incəsənə həsr etmiş bir şəxs kimi Şuşada olmaq mənim çoxdankı arzum idi. Bu imkanı mənə yaratdığına, eyni zamanda məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə Azərbaycan Prezidenti  İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Şuşanın çiçəklənmə və inkişaf dövrü Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra başlayır. İnanıram ki, Dünya Azərbaycanlılarının V Qurultayının yeri olaraq Şuşa təsadüfən seçilməyib, dünya azərbaycanlılarının bu qədim mədəniyyət mərkəzinə və onu işğaldan azad edən qəhrəmanlara minnətdarlıq hissinin təzahürüdür”.