“Bizim Nazirlər Kabineti kişilər klubudur” - Qüdrət Həsənquliyev

“Azərbaycanda pensiyanın minimal həddi çox aşağıdır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib.
O, bu məbləğə yenidən baxılmasını istəyib. Deputat, həmçinin vurğulayıb ki, Azərbaycanda qadınların pensiya yaşı aşağı salınmalıdır: “Bu, həm də gənc xanımlar, qızlar üçün iş yerinin açılmasına səbəb olardı. Onların iş tapması çox çətindir. Ümumiyyətlə, cəmiyyətimizdə işlə təmin olunma baxımından qadına olan münasibət dəyişməlidir.
Bizim Nazirlər Kabinetinə baxın, kişilər klubudur. Orada cəmi bir qadın var. Səhv etmirəmsə, Əfqanıstan da belədir. Demək olar ki, icra başçılarının, komitə sədrlərinin hamısı kişilərdir. Ailə komitəsinin sədrindən başqa. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi qərarlar qəbul olunmalıdır. Ümumiyyətlə, kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35%dən az olmasın”.
Qüdrət Həsənquliyev qeyd edib ki, qadınlar üçün iş yerləri açan sahibkarlara, müəsissələrə vergi güzəştləri tətbiq olunmalıdır.