“Pensiya yaşı kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş qəbul olunmalıdır” - Fəzail Ağamalı

“Azərbaycanda pensiya yaşı kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş qəbul olunmalıdır və bu, ən optimal yaşdır."
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı yeni təkliflə çıxış edib.
O, bildirib ki, insan pensiyaya çıxandan 3-5 il sonra dünyasını dəyişir və qısa müddət pensiya alır:
“Burada haradadır ədalət, haradadır haqq? İnsanlar 60 yaşından sonra stress, hansısa çətinliklər nəticəsində kifayət qədər xəstəliklərlə yaşayır. Bu barədə ciddi şəkildə düşünmək lazımdır. Mən çox xahiş edirəm ki, bizim hörmətli həmkarımız Musa Quliyev və hörmətli sədr, siz məsələ ilə bağlı müvafiq qurumların qarşısında məsələ qaldırasınız. Dünyanın Avropanın hansısa qaydalarını kor-koranə tətbiq etməyə ehtiyac yoxdur. Digər tərəfdən Azərbaycanda əmək bazarı o qədər də sıx deyil”.
Spiker Sahibə Qafarova isə Avropa qaydalarının kor-koranə tətbiq olunması fikri ilə razılaşmayıb.