"Azəriqaz"ın baş direktorundan limitlə bağlı AÇIQLAMA

 11:28 06.05.2022     706

Bu ilin yanvar-aprel ayında əhali qrupu üzrə abonentlərin 78,9%-i (1 912 542 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.

Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Baş direktorun sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 21,1% və ya 510 751 min abonent keçib.

Mayın 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 423 293 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.

Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.