"Azəriqaz"dan limitlərin ləğvi təklifinə REAKSİYA

 13:10 06.05.2022     1026

“Bizim ölkədəki limit sistemi dünyadakından fərqlidir”.

Redaktor.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistin qaz limitinin ləğv olunması ilə bağlı deputatlar tərəfindən qaldırılan təklif barədə sualı cavablandırarkən bildirib.

“Limitin tərtib olunması, təsdiq olunması ondan ibarətdir ki, mövcud limit sosial yönümlüdür. Bir çox ölkələrdə də istənilən məhsulu kim çox işlədirsə, daha az tariflə ödəyir. Bizdə isə tam əksinədir. Az işlədən aşağı tariflə ödəyir. Ona görə burada əhalinin sosial durumu, sosial vəziyyəti nəzərə alınıb. Bizdə də bu nəzərə alınaraq limit hələ ki, bu qaydadır. Az işlədən az, çox işlədən daha yüksək tariflə ödəyir. Amma bunun dəyişməsi ilə bağlı heç bir müraciət yoxdur. Bu gün gündəmdə belə bir məsələ yoxdur”, - "Azəriqaz" rəhbəri deyib.

Zərif ÜLVİQIZI