Qatarların hərəkət qrafikindəki dəyişikliklə bağlı Metropolitendən AÇIQLAMA

 16:58 06.05.2022     1209

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət qrafikində dəyişiklik edilib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin rəsmi saytında məlumat yerləşdirilib.

Bəs bu dəyişiklik nədən ibarətdir? Bundan sonra “Bakmil” istiqamətinə qatarlar necə hərəkət edəcək?

Bu barədə Redaktor.az-ın suallarını cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov dedi ki, bu qrafik müntəzəm olaraq paylaşılır:

“Bizim qatarlar hər an “Bakmil” istiqamətinə getmir. Orada yaşayanlar, çalışanlar, müəssisələr var. Həmin şəxslər həmin qatarlardan istifadə edirlər deyə, oradan qatarlar xüsusi qrafiklə gedir-gəlir. Onlar da həmin qatara əsasən artıq öz vaxtlarını planlaşdırırlar. Bu həmişə dövri olaraq bizim saytımızda dərc olunur. Pandemiya dövründə demişdik ki, müntəzəm monitorinqlər aparılır, ehtiyat qatarlar nəzərdə tutulur. Buna uyğun olaraq da qatarların hərəkət qrafikində dəyişikliklər edilir ki, sərnişinlərin rahatlığı, təhlükəsiz daşınması daha optimal səviyyədə həyata keçirilsin. Bununla bağlı manitorinqin nəticəsi əsasında qatarların hərəkət qrafikində edilmiş düzəlişlər, dəyişikliklər, ehtiyat qatarların xətdən müntəzəm çıxması və s. bu kimi aparılmış müşahidələr əsasında müvafiq dəyişikliklər edilib. Bunun əsasında da depoya gedib-gələn qatarların qrafikində müəyyən dəyişikliklər olub. Əsas “Nərimanov”la “Bakmil”dir. Bundan sonra bütün stansiyalar dərc olunacaq”.

Mətbuat katibi bildirdi ki, qrafikdə olan dəyişikliklər monitorinqlərin nəticəsidir:

“Bu, müntəzəm olaraq dərc olunur. Sadəcə pandemiyaya qədər ənənəvi olaraq bu payızda və yay başlayanda yəni metroda qatarların hərəkət qrafiki dəyişəndə tətbiq olunurdu. Həmin mövsüm ərzində də sabit olaraq qalırdı. Amma pandemiya dövründə monitorinqlər əsasında sərnişindaşımanın axın istiqamətləri, sərnişinlərin hərəkət etdiyi istiqamətlər dəyişə bilir. Bütün bunların hər birisi və xüsusən də ehtiyat qatarların xəttə çıxması nəzərə alınır. Məsələn baxırıq ki, ehtiyat qatarlarımız müntəzəm olaraq eyni vaxtda xəttə çıxırsa, o deməkdir ki, həmin vaxt sərnişindaşımada artımlar var. Digər monitorinqləri də onun üzərinə gəlib hesablamalar aparırıq və sərnişin rahatlığı üçün həmin qatarların hərəkətində uyğun dəyişikliklər edilir. Bu da həmin dəyişikliklərin bir nəticəsidir”.

B.Məmmədov qeyd etdi ki, qatarların hərəkəti əvvəlki şəkildə olacaq.

“Lakin vaxtı dəyişir. Deyək ki, axşam 17:56-da çıxırdısa, ola bilər ki, təzə qrafiklə 18:04, 18:15-də çıxsın. Yəni o qatarın gedib-gəlmək vaxtı dəyişə bilər. Bunu daha yaxşı “Bakmil”ə gedib-gələn sərnişinlər bilir. Bu daha çox onlara lazım olan qrafikdir. İndiki monitorinqlərimizin nəticəsinə əsasən səhər saatlarında 07:30-09:30, axşam saatlarında 17:30-19:30 gur saat olaraq qalır. Yəni sərnişinin axın vaxtı bu saatlara düşür. Onunla bağlı hər hansı bir dəyişikliyə ehtiyac görməmişik. Sadəcə həmin vaxt ehtiyat qatarların tənzimlənməsi xüsusi olaraq nəzərə alınır. Amma “Bakmil” istiqamətində gedib-gələn qatarların hərəkət qrafikində müəyyən dəyişikliklər var”, - deyə "Bakı Metropoliteni"nin sözçüsü bildirdi.

Zərif Ülviqızı