“Gözləyək, görək Bakı Şəhər İcra Hakimiyyəti bu işi necə quracaq” - Deputat

 17:38 06.05.2022     4474

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin 01.01.2019-cu il tarixindən 01.0.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı yeni avtobuslara olan real illik tələbatdan artıq avtobus alışına yol verildiyi aşkarlanıb. Məlum olub ki, dövlət vəsaitləri hesabına alınan avtobusların son 5 ildə orta hesabla 25,4 %-i depoda istifadəsiz saxlanılıb. “BakuBus” MMC-nin balansında olan 303 ədəd “İveco” markalı sərnişin avtobusundan 198 ədədinin istismarının dayandırılması faktı da üzə çıxarılıb. Dayanmasına səbəb müxtəlif nasazlıqların vaxtında təmir olunmamasıdır. İstismara yararsız həmin 198 avtobusun 80-dən (40,4%-dən) istifadəyə yararlı müxtəlif ehtiyat hissələrinin sökülərək digər avtobuslara quraşdırılması halları baş verib. Bu da təmirə ehtiyacı olan avtobusların daha da yararsız vəziyyətə düşməsi ilə nəticələnib.

Bakı Nəqliyyat Agentliyinin yol verdiyi qanunsuzluqlarla bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev bildirdi ki, sözügedən agentliklə bağlı problemlər çox olub:

“İctimai nəqliyyatla, o cümlədən avtobuslarla əlaqədar kifayət qədər problemlər var idi və onlar indiyə qədər qalır. Amma biz hamımız çox gözəl bilirik ki, təxminən iki ay bundan öncə cənab prezidentin qərarı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi və İntellektual İdarəetmə Daxili İşlər Nazirliyinin tabeliyinə keçdi.

Gəlin bir az səbrli olaq, gözləyək, görək Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni, bu işi necə quracaq. Mən inanıram ki, dəyişikliklər olacaq. Ən azı yay aylarında biz bu dəyişiklikləri görəcəyik. O cümlədən avtobuslarda da dəyişiklik olacaq. Rəsmi məlumat var idi ki, hər 4 avtobusdan biri xəttə çıxmır. Ona görə ki, onun ehtiyat hissələri yoxdur və onu istismar etmək olmur. Düşünürəm ki, ən yaxşısı gözləməkdir”.  

Zərif Ülviqızı