"Ulu Öndərimizin əziz xatirəsi Azərbaycan melioratorlarının qəlbində daim yaşayacaqdır" - Əməkdar mühəndis

 11:50 10.05.2022     441

Bu günlərdə nəinki Azərbaycanda, eləcə də dünyanın bir sıra ölkələrində unudulmaz tarixi şəxsiyyət, görkəmli siyasi xadim, müstəqil dövlətimizin qurucusu və çağdaş Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü yüksək səviyyədə qeyd edilməkdədir. Heydər Əliyev XX əsrin ən görkəmli tarixi şəxsiyyətlərindən və siyasi xadimlərindən biridir. Ulu Öndərə olan sevgi, onun xalqına misilsiz xidmətlərlə dolu zəngin həyat yolu ilə, dövlət xadimi kimi uzun illər ərzində qazandığı nüfuzla, müdrik və yorulmaz fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyevin ölkəyə rəhbərliyinin sovet dönəminə təsadüf edən birinci dövrü Azərbaycanın ən yeni tarixində dönüş illəri, ictimai-siyasi həyatın, elm, mədəniyyət və incəsənətin sürətli tərəqqisi dövrü olmuşdur. Bu günkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, dünya iqtisadiyyatına sıx inteqrasiyası həmin illərdə təməli qoyulmuş potensial olmadan mümkün deyildi.

Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətçiliyin ən mühüm şərti kimi ictimai-siyasi sabitliyin qısa müddətdə təmin olunması ilə yanaşı iqtisadi quruculuq sahəsində də böyük qətiyyət göstərərək dərin və miqyaslı islahatlara başladı. O, müdrikcəsinə bəyan etmişdir ki: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”.

İqtisadi quruculuq müstəqilliyimizin ilk illərində iqtisadi xaos və staqnasiya nəticəsində ümumi milli gəlirin yarıdan çoxunu itirdiyimiz bir dövrə təsadüf edirdi.

Belə bir dövrdə islahatlar aparmaq qətiyyət və möhkəm siyasi iradə tələb edirdi. Heydər Əliyev bu qətiyyəti və siyasi iradəni nümayiş etdirdi və qısa zamanda islahatlar öz bəhrəsini verdi. Çox keçmədi ki, ölkənin iqtisadi mənzərəsi dəyişdi. Makroiqtisadi sabitlik, iqtisadi artım təmin olundu və bu artım davamlı xarakter aldı. O dövrdə dövlətin maliyyə imkanlarının məhdudluğuna baxmayaraq sosial məsələlər də prioritetliyini itirmədi. Əksinə ölkənin sosial göstəriciləri yaxşılaşmağa başladı.

Bu dövrdə radikal islahatlardan əlavə ölkənin uzunmüddətli sıçrayışlı inkişafı üçün həm də güclü bir maliyyə təkanı lazım idi. Mürəkkəb şəraitdə, xarici təzyiqlərə baxmayaraq, ulu öndərin cəsarətlə atdığı ən böyük addımlardan biri neft strategiyasının formalaşdırılması və bununla da Azərbaycanın uzunmüddətli inkişafı üçün geniş maliyyə imkanlarının açılması idi. 1994-cü ilin sentyabr ayının 20-də H.Əliyev Azərbaycanın gələcək iqtisadi və siyasi nailiyyətlərinin əsası olacaq “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu böyük iqtisadi uğur olmaqla birlikdə Azərbaycanın müstəqilliyinin təminat altına alınması idi.

Ulu Öndərimiz digər sahələrdə olduğu kimi, aqrar sektorda da sürətli islahatların aparılmasına mühüm diqqət yetirərək torpağı əsl sahibinə - kəndlilərə qaytarmağa nail olmuş, bu sahəni bir sıra vergilərdən azad etməklə nümunəvi fermer təsərrüfatlarının formalaşmasına əsaslı dəstək vermişdir. Görülən işlərin nəticəsi kimi özəl sektorun milli iqtisadiyyatdakı xüsusi çəkisi 1996-cı ildəki 27%-dən 2014-cü ildə 90%-ə yüksəlmişdir.

Respublikaya rəhbərliyi dövründə onun Meliorasiya və Su Təsərrüfatı sahəsinə ayırdığı xüsusi diqqət və qayğısı nəticəsində geniş quruculuq işləri aparılmış, ən önəmli Meliorasiya və İrriqasiya obyektlərinə xarici investisiyalar cəlb edilmiş və nəhəng tikintilər aparılmışdır.

Bütün şüurlu həyatı boyu dövlətinin və xalqının xoşbəxt gələcəyinə xidmət edən, bu məqsədlə nəinki təkcə aqrar sahədə, eləcə də ictimai həyatımızın bütün sahələrində qlobal islahatlar apararaq ölkəmizin iqtisadi, siyasi, mədəni və intellektual potensialını bütün dünyaya tanıtdıran ümummilli liderimiz Heydər Əliyevin atdığı müdrik addımlardan biri də ölkəmizin gələcək taleyini, aparılan bu qlobal islahatların davam etdirilməsini, onun siyasətinə bütün varlığı ilə sədaqətli olan, xalqını, dövlətini onun özü qədər sevən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırması və ona etibar etməsi olmuşdur.

Dahi şəxsiyyətin ideallarına tam sədaqətli olan, müdrik xalqımızın çox böyük səs çoxluğu ilə seçilən möhtərəm Prezidentimiz İlham Əliyev fəaliyyətə başladığı ilk günlərdən atdığı uzaqgörən, ağıllı və təmkinli addımları ilə Heydər Əliyev siyasi kursunu dönmədən böyük enerji və uğurla davam etdirəcəyini əyani surətdə göstərdi. Belə ki, Ümummilli Liderimizin xalqımız naminə başladığı genişmiqyaslı islahatlar və məqsədyönlü dövlət siyasəti davam etdirilərək böyük nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətləri saymaqla qurtarmaq olmaz. Respublikamızın hər bir guşəsində tikinti, yenidənqurma və abadlıq işləri həyata keçirilməkdədir. Ölkəmiz Beynəlxalq idman yarışlarının, forumların, konfransların və s. tədbirlərin keçirilmə məkanına çevrilmişdir.

Cənab Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun göstərdiyi şücaət, işğal altında olan kəndlərimizin ildırım sürəti ilə azad olunması, cəbhə boyu düşmən əsgərlərinin vahimə içərisində ağlaya-ağlaya geri qaçması icimizdə ölməkdə olan qürur və şərəf  hissini yenidən oyatdı. 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycanımızın 20 faizi işğal altında qalmışdı. Ali Baş Komandanın əks hücum əmrini qəhrəman Azərbaycan əsgəri şərəflə, ləyaqətlə, qeyrətlə yerinə yetirərək hər daşına, torpağına, ən xırda qum dənəsinə belə şəhid qanı axan Qarabağımızı azad etdi. Bu qələbə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Əminik ki, daha Ulu Öndərmizin də ruhu rahatdı. Çünki həyatı qədər sevdiyi Azərbaycanın işgal olunmuş əraziləri cəsur əsgərlərimiz tərəfindən azad olunub. Digər tərəfdən isə, onun tövsiyyə etdiyi və xalqımız tərəfindən yekdilliklə seçilən Prezidentimiz cənab İlham Əliyev cəsarətli və uzaqgörən bir dövlət başçisi olduğunu bir daha dünyaya sübut etdi. Və bütün bunlar bir Azərbaycan Respublikasının vətəndaşı olaraq bizlərdə qürur hissi yaradır.

Ulu Öndərimizin əziz xatirəsi biz Azərbaycan melioratorlarının qəlbində daim yaşayacaqdır.

Möhtərəm prezidentimiz İlham Əliyev cənablarına da Ulu öndərimizin siyasi kursunun davam etdirilməsində uğurlar arzulayırıq.

Saleh Sadıqov,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Hidrogeoloji Meliorativ Xidmət İdarəsinin rəisi,

Ü.Hacıbəyov 84  ərazi YAP təşkilatının sədri, əməkdar mühəndis