Cavanşir Feyziyevlə bağlı qərar verildi

 21:26 11.05.2022     575

Nəsimi Rayon Məhkəməsində “Reaksiya TV”nin rəhbəri Zaur Qəriboğlunun deputat Cavanşir Feyziyevi xüsusi ittiham qaydasında verdiyi məhkəməyə baxılıb.

Redaktor.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayətin icraata qəbulundan imtina edilib. Bildirilib ki, şikayət əsassızdır.

Qeyd: Z.Qəriboğlu məhkəmə etdiyi şikayətini onunla əsaslandırıb ki, təsis etdiyi "Reaksiya TV" kanalıda mütəmadi olaraq ictimayəti maraqlandıran və gündəmdə olan mövzularla bağlı çıxışlar edir və hökümətin gördüyü yaxşı işləri təqdir edir, neqativ işləri isə etik qaydalar çərçivəsində tənqid edir.
Bildirir ki, etik qaydalar daxilində tənqid etdiyi çoxsaylı deputat, məmur, nazir və vəzifəli şəxslər olur:
“Belə şəxslərdən biri də Milli Məclisin deputatı Cavanşir Feyziyev olub. Onu deputatlıq fəaliyyəti ilə bir araya sığmayan sahibkarlıq fəaliyyəti Azərbaycanda və dünyada fəaliyyət göstərən cari mətbuatda olduğu kimi, mənim tərəfindən də tənqid edilib. Onun faktiki olaraq sahibkarlıq fəaliyyət göstərməsi Böyük Britaniya Məhkəməsi tərəfindən təsdiq olunub və Azərbaycandan çıxardığı pulların bir qismi çirkli pullar siyahısına daxil edilərək dondurulub. Bu məlumat qeyd etdiyim kimi, tək mənim tərəfimdən yox, ölkə və dünya mediasında da işıqlandırılıb, hətta Cavanşir Feyziyevin özü də bunu etiraf edib.

Cavanşir Feyziyev 06.02.2022-c il tarixdə özünə məxsus olan feysbuk səhifəsində və “modern.az” saytında media nümayəndələrini, qəzet və televiziya rəhbərlərinin adlarını çəkilməklə etik davranış qaydalarını kobud surətdə pozmaqla təhqir edib, ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atıb. Təhqir etdiyi və böhtan atdığı şəxslər sırasında mən də varam. Cavanşir Feyziyev məni ağır və xüsusilə ağır cinayətlərdə ittiham edərək böhtan atıb. O, yazdığı yazıda qeyd edir ki, yutub kanallarında imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir. Bu ifadə Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkibini yaradır ki, həmin maddənin də sanksiyasında 17 ilədək azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur. Bu da xüsusilə ağır cinayət hesab olunur.

Cavanşir Feyziyev mənə atdığı böhtanı ilk olaraq feysbuk sosial şəbəkəsində yayıb. Bundan sonra ölkənin demək olar bütün mətbu orqanlarında həmin böhtan xarakterli məlumatlar paylaşılıb.

Ona görə də hazırkı xüsusi ittiham qaydasında şikayətə onun qeydiyyatda olduğu Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Baxmayaraq ki, ictimai qınağın gücünə tab gətirməyən Cavanşir Feyziyev sonradan həmin statusunu görünməz rejimə qoyub, ancaq həmin böhtan bütün ölkə gündəmini zəbt etdi və bir həftədən çox ictimai müzakirələrə səbəb oldu. Ona görə də Cavanşir Feyziyevin Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli bitmişdir və ona görə də məsuliyyətə cəlb edilməsi vacibdir. Cavanşir Feyziyevin törətdiyi cinayət nəticəsində mənəvi sarsıntı keçirmişəm, əsəbdən səhhətimdə ciddi problemlər yaranıb, həkimlərə müraciət edib müalicələr almışam”.

Z.Qəriboğlu qeyd edir ki, dəymiş maddi və mənəvi zərərlə bağlı ayrıca mülki iddia qaldıracaq:
“Cavanşir Feyziyevin statusundan sonra məni şəxsən tanıyan insanlardan bəziləri mənə dəstək versələr də, bəziləri də münasibətlərdə müəyyən soyuqluqlar yaradıblar”.

Xatırlatma: Bir müddət öncə sosial şəbəkələrdə deputat C.Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq pulun London məhkəməsində müsadirə olunduğu haqda xəbər müzakirə olunmuşdu. Bundan sonra C.Feyziyev məsələ ilə bağlı şəxsi səhifəsində açıqlama verərək məlumatı yayan jurnalistlərdən bəzilərini təhqir etmişdi. Daha sonra isə paylaşımı silib (pravda.az)