"Bu qadınlar sizin ananız, bacınız, qohumunuzdur" - Deputatdan ETİRAZ

 14:01 13.05.2022     535

"Bu günlərdə qəbuluma cənub bölgəsindəki fermer təsərrüfatlarında çalışan vətəndaşlar gəlmişdi. Adamlar səhərdən-axşamadək tarlada işləyir, amma onlara günə 10 manat əmək haqqı verirlər, onun da 2 manatını yol haqqına çıxırlar. Bu da aylıq 240 manat edir”.

Redaktor.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında müzakirələr zamanı əmək müqaviləsi olmadan müxtəlif sahələrdə çalışan vətəndaşların vəziyyəti barədə danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, üstəlik, qanunvericiliyə zidd olaraq onları 8 saatdan artıq işlədirlər:

“Bu, faktiki olaraq qul əməyidir. Mən həmin fermerlərə müraciət edirəm: Bu qadınlar sizin ananız, bacınız, qohumunuzdur. Bu cür istismarı necə qəbul edirsiniz? Burda çiyələyin kilosunu 5 manata, hətta daha keyfiyyətlilərini 10 manata satırlar. Amma qadınları işlədib, günə 8 manat verirlər”.

Qüdrət Həsənquliyev qanunvericiliyə dəyişiklik təklifi ilə də çıxış edib.

“İmkan vermək olmaz ki, işçiləri şənbə-bazar işlətsinlər. Yaxud biz qanunvericiliyi dəyişməliyik ki, əlavə iş saatına görə işçilərə əlavə ödəniş edilməlidir. Müvafiq icra orqanları ilə bu məsələni müzakirə edib, yaxın vaxtlarda baxa bilərik”, - deyə deputat bildirib.