May ayında havalar niyə soyuq keçir? - İqlimşünas: “Təbii zonalar yerini dəyişə bilər”

 11:59 18.05.2022     2057

“May ayı yaz aylarındandır. Yaz aylarında hava çox dayanıqsız olur. Bizə tez-tez şimaldan gələn hava kütlələri müdaxilə edir”.

Bunu Redaktor.az-a açıqlamasında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev bu ilin may ayında havaların soyuq keçməsinin səbəbini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda baş verən bütün soyuqlaşma hadisələrinin hamısının əsas səbəbi Rusiyanın şimalından - Kara dənizi tərəfdən, Sibirin üzərindən gələn soyuq hava kütlələrii ilə əlaqədardır:

“Bu cür soyuq havaların daxil olması temperaturun aşağı düşməsinə, dağlarda isə lap aşağı düşməsinə və qar yağmasına gətirib çıxarıb. Azərbaycanda bu dəqiqə bir neçə gündür davam edən soyuq hava kütlələri Kara dənizindən, Ural dağlarının yuxarı hissəsindən gələn hava kütlələridir. Oradan gələn hava kütlələrinə elmdə yüksək təyziq çökəkliyi deyilir. Həmin yüksək təyziq çökəkliyi Ural dağları tərəfdən, Kara dənizindən Aralıq dənizinin şərqinə qədər uzanıb. Bu yüksək təyziq çökəkliyinin arxa tərəfindən daxil olan soyuq hava kütlələri Azərbaycan ərazisinə daxil olur. Yəni bizdə havaların soyuması şimaldan Azərbaycan ərazisinə daxil olan soyuq hava kütlələri ilə sıx bağlıdır. May ayında dağların zirvələrində qar yağıb. Belə qarlar bizdə vaxtilə olub. 1987-ci ildə iyun-iyul ayında Kəlbəcər, Laçında əməlli-başlı qar yağmışdı. Yəni bunlar metereoloji anomallardır”.

İqlimşünas alim qeyd etdi ki, iqlim normalarında müsbət və mənfi meyletmələr var:

“Bir də görürsünüz yay həddindən artıq isti keçir. Buna biz ekstremal isti yay deyirik. Yaxud da qış həddindən artıq soyuq keçir. Buna da ekstremal soyuq qış deyirik. İqlim özü normadır. Hələ ki, biz bilmirik bizi nə gözləyir. Bütün proqnozlar göstərir ki, yer kürəsində istiləşmə hələ davam etməkdədir. Yağıntıların miqdarı azalmaqdadır.

Məsələn, Azərbaycanda son zamanlar müşahidə olunan bütün məlumatlar göstərir ki, yağıntının miqdarı əməlli-başlı azalır. Nəticədə çaylarımızda suyun səviyyəsi azalır. Bu özü Azərbaycanda böyük bir problemlər yaradır. Əkin sahələrinin, bitkilərin becərilməsində su ilə təminolunmada çətinliklər yaranıb. Vaxtilə deyirdik ki, dağlarda əkinçilik suvarmadan inkişaf edir, indi həmin o dağların yuxarı hissəsi əməlli-başlı istidir, su çatışmır. Deməli əlavə olaraq oranı da suvarmaq lazımdır. Bunlar Azərbaycana, təsərrüfatımıza zərər vurur. Gərək bunun vaxtında qabağını alsınlar. Bir yol fikirləşsinlər ki, su ilə və s. təmin etsinlər. İqlimin dəyişməsi nəticəsində təbii zonaların yerini dəyişməsi müşahidə oluna bilər. Aşağı tərəflər çox istiləşir, yer səthi çox qızır. Yer səthi çox qızdığına görə hava kütlələrinin yuxarıya qalxması lazımdır ki, yağıntı versin. Bizdə son zamanlarda alınan nəticələrə görə əkinçiliyin əsasən aparıldığı dağətəyi zonalarda 200-500 metr hündürlüyündə yağıntıların miqdarı kəskin azalıb. Onların özləri böyük problem yaradır”.

Müsahibimiz qeyd etdi ki, Azərbaycanda iqlimlə bağlı olan problemlər dünyada baş verən problemlərlə bağlıdır:

“Bəzən deyirlər ki, filan yerdə meşələr qırıldı, nə isə oldu. Bunlar gətirib iqlimin dəyişməsinə çıxara bilərmi? Bu təkcə xırda məsələlərlə bağlı deyil, bu, qlobal bir problemdir. Bütün dünyanı düşündürən, əhatə edən bir problemdir. Bunu yaradan böyük bir amildir. Təkcə Azərbaycan miqyasına aid deyil. İqlimin bu cür dəyişməsi, bu cür anomalların baş verməsi yer kürəsində baş verən dəyişkənliklərlə sıx surətdə bağlıdır. Hamı deyir antropogen amillərdir, ətraf mühitin çirklənməsidir, atmosferdə karbon qazının miqdarının çoxalmasıdır. Belə bir şeylər deyirlər ki, bu temperaturu artırır. Əslinə qalsa bununla yanaşı çox böyük başqa bir problemlər var. Yerin orbital müstəvi ilə əmələ gətirdiyi oxunun sarsıntıları ola bilər, kosmik amillər ola bilər, günəş aktivliyinin artması ola bilər. Bunların hamısı ilə yerdə baş verən hadisələr arasında çox sıx əlaqələr mövcuddur. Təbii fəlakətlərin sayı get-gedə çoxalır”.

Həsən Nəbiyev dedi ki, əvvəlki alimlərin dedikləri hələ də qüvvədədir:

“İqlim dəyişmələri ilə əlaqədar bizim məşhur alimlərimiz var idi. Dünya miqyaslı tanınan alimlərdən Şıxlınski, Mədətzadənin verdiyi təsnifatlar var. Onların verdiyi təsnifatlarda heç bir dəyişiklik baş verməyib. Həmin təsnifatlar yenə də özünü göstərir. Bizə daxil olan hava kütlələri həmin hava kütlələridir. Ancaq çox maraqlıdır ki, bu hava kütlələrinin daxil olma küləklərinin istiqamətlərində müəyyən dəyişikliklər əmələ gəlir. Məsələn, şimal küləyi çox idi, indi şimal-şərq küləyi daha çoxalıb. Şərqdən gələn hava kütlələri çoxalıb. Bunlar hamısı müasir iqlim dəyişmələri ilə bağlı olan hadisələrdir. Onların yaratdığı fəsadlar da çoxdur. Məsələn, Lənkəran zonasının özündə həmişə bol sulu olan çaylar vardır. Ancaq yay vaxtı, ümumiyyətlə il ərzində yağıntıların azalması, çayların səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bunların hamısı böyük problemdir”.

Ekspertin fikrincə, Azərbaycanda azad olunmuş ərazilərdə çoxlu su anbarları yaradılmalıdır:

“Bunu Prezidentimiz də bildirib. Çünki suya ehtiyac böyükdür. Əkin sahələrinin hamısı suvarma tələb edir. Azərbaycan ərazisinin 50 faizi quru iqlimə malik olan bir ərazidir. Bu 50 faizin hamısında biz məhsul suvarma şəraitini inkişaf etdirə bilərik. Su azalır. Bu məsələləri gərək dövlətimiz, əlaqələr təşkilatımız qərar qəbul etsinlər, bir şeylər etsinlər. Yəqin ki, hər halda düşünürlər, cürbəcür proyektlər, layihələr var”.  

Həsən Nəbiyev “qış soyuqdursa, yay isti olacaq, yay istidirsə, qış soyuq olacaq” deyiminə də münasibət bildirdi. Onun sözlərinə görə, bu cür fikirlər yanlışdır.

“Bu, xaos əlamətləridir. İnsanlar öz düşüncələrinə görə deyirlər. Bunun heç bir elmi əsası yoxdur. Atmosfer proseslərini qabaqcadan proqnoz etmək də çox mürəkkəb bir şeydir. Bunlar atmosfer prosesləri ilə bağlıdır. Biri var qısamüddətli proqnozlar, biri var uzunmüddətli. Qısamüddətli proqnozların ehtimalı heç olmasa bəzən müxtəlif hadisələrdə 70-80-90 faiz olur. Ancaq uzunmüddətli proqnozları vermək çox çətindir. 2 aydan sonra necə olacaq demək fala baxmağa oxşayır. Bunu heç bir şeylə etmək mümkün deyil. Gələcəkdə günəş aktivliyinin dəyişməsi ilə, kosmik amillərlə yerdə baş verən hadisələr arasında biz tam gözəl bir əlaqə ala bilsək, bəlkə onların dəyişməsinə olan uzunmüddətli proqnozları düzəldə bilərik. Son 30 ildə belə soyuq may ayları çox görmüşük. Elə soyuq olub ki, heç evdə oturmaq olmayıb. Yun adyalda insan oturur, ona soyuq olur. Arada bir soyuq ayları olur. Ona da biz elmdə ekstremal soyuq may ayı deyirik. Yaxud da ekstremal isti may ayı. Bir neçə il bundan qabaq may ayı həddindən artıq isti keçirdi. Gözlənilən normadan az və ya artıq isti olmaq bizdə həmişə olub. Ancaq may ayının havası ilə digər ayların havasını heç vaxt müqayisə və ya proqnoz etmək olmaz. Bunun heç bir elmi əsası yoxdur”, - deyən iqlimşünas alim bildirdi ki, proqnozları dəqiqliklə vermək mümkün deyil.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən