Bakı metrosunda platforma qapıları olacaqmı? - AÇIQLAMA

 16:22 19.05.2022     2928

Bakıda metrostansiyalarda tez-tez metro işçisinin “Xətdən kənara durun, xətti keçmə” sözlərini eşidirik. Ən çox da pik saatlarda qatar gələrkən hər kəsin xəttə yaxınlaşması metropoliten işçilərinin məsuliyyətini daha da artırır. Hətta bəzən bu irad vətəndaş və metropoliten işçiləri arasında mübahisəyə də çevrilə bilir.

Dünya təcrübəsinə baxdıqda isə görə bilərik ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün sədd lövhələr quraşdırılıb. Məsələn, Yaponiyada qatar platformaya daxil olub dayanmayana qədər həmin sədd açılmır. Yalnız qatar dayanır və qapılar açıldıqdan sonra sədd ya enir ya da qapılar ilə bərabər açılır.

Bəs bizdə niyə belə texnologiyalardan istifadə olunmur? Bu sistem Bakı metrosunda da tətbiq oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, Bakıda metro stansiyaları inşa olunanda həmin platforma qapıları nəzərdə tutulmayıb. Onun sözlərinə görə, metropoliten son illərdə bu məsələni araşdırıb:

“Xüsusilə 28 may stansiyasında araşdırılıb. Müəyyən olub ki, burada 2 fərqli istiqamətdə yanaşma olmalıdır. Bunun üçün birinci tələb inşaat məsələsidir.

Platforma qapısı quraşdırmaq üçün bütün stansiyaların platformalarının alt hissəsi, yəni platformalarında gücləndirmə işi aparılmalıdır. Yəni orada inşaat işi aparılmalıdır. Çünki metropoliten tikinti norma və qaydalarına uyğun olaraq əlavə konstruksiyaların quraşdırılması və digər məsələlərin hər birisi mütləq qaydada normalarla tənzimlənməlidir. Bu birinci tələbdir. Mütləq qaydada inşaat işi aparılaraq gücləndirmə tətbiq olunmalıdır.

İkinci vacib məsələ, platforma qapıları ilə qatarların qapılarının sinxron açılması vacib şərtdir. Bunu təmin etmək üçün həm stansiyalarda, həm də qatarlarda müvafiq sistemlər quraşdırılmalıdır. Bu da heç də ucuz başa gələn bir məsələ deyil. Bu sistemlərin də quraşdırılması köhnə qatarlarda daha çox əziyyətlidir. Ümumiyyətlə, bunların hamısını nəzərə alanda bunu təmin etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur”.

Mətbuat katibinin sözlərinə görə, bəzi məsələlər var ki, orada hər şey sosial məsuliyyətdən asılıdır:

“Burada ümumi sosial məsuliyyətimiz olmalıdır. Hər birimiz başa düşməliyik ki, o hüdud həddini keçmək ilk növbədə bizim özümüzün sağlamlığımıza, səhhətimizə xələl gətirə bilər. Qatarın güzgüsü və ya hərəkət edən qatarla hansısa təmas avtomatik olaraq sərnişinə zərər yetirəcək, xəsər yetirəcək. Bu normal bir şeydir.  Sadəcə olaraq burada sosial məsuliyyət məsələsi olmalıdır. Gətirək hər bir şeyə bir sədd, maneə qoymaqdan, hər bir şeyi qaydalarla tənzimləməkdən daha çox özümüzün sosial məsuliyyətimiz daha vacibdir”.

Bəxtiyar Məmmədov bildirdi ki, gələcəkdə platforma qapıları msələsi nəzərdə tutula bilər:

“Hər zaman nəzərdə tutula bilər. 28 May stansiyasında konkret araşdırması da aparılıb. Dünyada olan texnologiyalar, digər məsələlər hər birisi öyrənilib. Buna kifayət qədər böyük maliyyə vəsaiti lazımdır. Yeni xətlərdə də prinsipial olaraq təməl layihədə nəzərə alınır. Amma onlara xüsusi zərurət yaranmalıdır ki, onun tətbiq olunması üçün o qədər vəsait ona xərclənsin. Bu məsələdə sosial məsuliyyətimiz kifayət edir ki, bu problem yaşanmasın. Qapı açılıb bağlananda düşən sərnişinə yol versək, qapının ağzını avtomatik kəsdirməsək, qatar da yubanmayacaq, biz də yubanmayacağıq. Bunlar hamısı eyni kateqoriyadan olan məsələlərdir”.

Zərif Ülviqızı