“Rusiyanın məqsədi milyardlarla pul qazanmaqdır” - Əziz Əlibəyli
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Serqey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Bu görüşdə niyə Rusiya tərəfi də iştirak edir? Rusiyanın bu məsələlərdə marağı nədir? Rusiya Ermənistan tərəfinə sülh müqaviləsi imzalamaqda mane ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirdi ki, Ermənistan müstəqil bir dövlət deyil:
“Biz o problemləri ermənilərin yaratması ilə bağlı fikirləri yüzdə-yüz bölüşə bilmərik. Çünki Erməninstanın daxili, ictimai, siyasi, xarici siyasətdə də müstəqilliyi olmadığından bu qərarların, "tormozlamaların" məhz Ermənistandan qaynaqlanır deməyimizin özü də bir az dilemma kimi çıxır. Mən düşünürəm ki, görüş kifayət qədər maraqlı olub. Ən azından prosesin getdiyini göstərir. Amma buna Ermənistan nə dərəcədə mane olur? Ermənistan burada hansı rolu oynayacaq? Bu məsələlər artıq həlledici faktor sayılmır. Rusiyanın niyə bu işlərə qarışdığını anlamaq çətindir. Biz indiki nöqteyi nəzərdən qiymətləndirsək onun səbəbini təbii ki, anlaya bilmərik. Ona görə də biz məcburuq ki, tarixə baxaq. Tarixə baxdıqda da görəcəyik ki, hər iki dövlət arasında meydana çıxan işğal vəziyyəti, yəni Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin kökü məhz sovet dövründə qoyulmuş siyasətə əsaslanıb. Biz də bilirik ki, Rusiya Federasiyası SSRİ-nın hüquqi və siyasi varisidir. O zaman həmin münaqişələrin də əmələ gəlməsində, idarə olunmasında, mövcud vəziyyətə, günə gəlib çıxmasında əsas səbəbkarlardan biri Rusiyadır”.
Ekspertin sözlərinə görə, burada bir neçə faktor mövcuddur:
“Qafqazda beynəlxalq güclərin maraqlarını biz kateqoriyalaşdırsaq görərik ki, bu dəqiqə Qafqazda müharibədən sonra bir neçə güc mərkəzi öz nüfuzunu ortaya qoyub, diktə edir. Təbii bunun biri Rusiyadır. Bütün son 300 il ərzində Qafqazda əsas güc mərkəzi olub. İkincisi 2020-ci il müharibəsindən sonra Türkiyədir. Üçüncüsü qismən biz bura İranı hesab edə bilərik.
O ki, qaldı iki ölkə arasında məsələlərə aydınlıq gətirilməsi və sülh müqaviləsinin imzalanmasına, əlbəttə ki, birinci növbədə Ermənistanın müstəqil olması lazımdır. Müstəqil siyasi iradəsi olmalıdır ki, müqaviləni bağlaya bilsin. Bu olmadığından həmin prosesi Rusiya müxtəlif formada istismar da, manipulyasiya da edir, hərəkətləndirə də bilir”.
Əziz Əlibəylinin fikrincə, "Qafqaz Evi" ideyası Rusiyanın təsirini xeyli zəiflədəcək:
“Dördüncü faktor bundan ibarətdir ki, artıq Cənubi Qafqazda "Qafqaz Evi" ideyasının da üzərinə ciddi şəkildə vurğu edilməkdədir. Avropa İttifaqı ilə Azərbaycan, Ermənistan və Gürcüstan münasibətlərini bu ildən etibarən fərqli bir sferaya daşıyıblar. Qərbə də maraqlıdır ki, bu münaqişələr bitsin və "Qafqaz Evi" ideyası reallaşsın. "Qafqaz Evi" ideyası güclü Qafqaz, o cümlədən də daha az Rusiya təsirinin olması ilə şərtlənir. Bütün bunların hamısını nəzərə alaraq Rusiya münaqişələrdən indiki mənada istifadə etməyə çalışır ki, öz nüfuzunda qalsın, öz təsir dairəsini saxlamağa nail olsun. Hər iki dövlətə də müxtəlif formalarda bu məsələ üzərindən diqtə imkanlarını əldə etsin.
İndiki halda münaqişəli vəziyyətdə Rusiyanın hansı əsaslarla istifadə etməsi məsələsinə baxsaq, bir də gəlin baxaq sülh olsa, Rusiya nə qazanır? Əvvəla münaqişəli vəziyyət 30 il ərzində Rusiyaya silah satışından başqa, bir də bölgədəki strateji üstünlükdən başqa heç nə qazandırmayıb. Amma bu bölgənin özünün də inkişafına mane olur. Eyni zamanda isə dünya bölgələşməkdən çox qloballaşmaya doğru gedir. Xüsusilə beynəlxalq siyasəti bu mənada diqtə edən əsas istiqamət qlobal ticarətlə bağlıdır. Bu qlobal ticarətin lazımlılığını, varlığını Xüsusən də 2015-ci ildə Türkiyə-Rusiya qalmaqalından sonra, Rusiya daha yaxşı başa düşdü ki, qlobal ticarət qlobal müttəfiqlik, qlobal güc doğurur. O mənada Rusiya öz xarici siyasət doktrinasını dəyişdi”.
Müsahibimiz sonda dedi ki, Rusiyanın siyasətini dəyişməsi ticarət məqsədlərinə əsaslanır:
“Qonşu ölkələrdə epizodik və məhəlli, etnik, milli münaqişələr Rusiyaya heç nə qazandırmır. Əksinə Rusiya bu problemləri həll edir, həmin ölkələr üzərində ciddi bir təsir mexanizminə malik olub nəticə etibarilə kiçik münaqişə dövlətləri, oyuncaq dövlətlərlə yox, bölgənin əsl dövlətləri ilə qlobal ticarət zəncirini formalaşdırır. 44 günlük müharibə bitən kimi dərhal 10 noyabr razılaşmasının içərisinə bölgədə kommunikasiyaların bərpa edilməsi, ikincisi Zəngəzur dəhlizi, üçüncüsü Türkiyəyə, Rusiyaya, Ermənistana gedəcək dəmir yollarının çəkilişi ilə bağlı bənd daxil edildi. Bütün bunların hamısı həmin o məqsədə dayanırdı ki, Rusiya müharibədən sonrakı vəziyyətə hazırlaşır. Burada artıq Rusiyanın əsas qazancı münaqişələrin idarə edilməsi deyil, münaqişələrin həll edilməsi və ondan sonrakı prosesdə dövlətlərlə iqtisadi əməkdaşlıq zəncirinin qurulub beynəlxalq qlobal ticarətdə milyardlarla pul qazanmaq istəyidir”.
Zərif Ülviqızı












