“Azərbaycan ordusu yenidən hərbi əməliyyatlara başlaya bilər” - Qabil Hüseynli
İrəvanda müxalifətin etiraz aksiyaları səngimək bilmir. Etirazçılar Baş nazir Nikol Paşinyanın istefa verməsini, hakimiyyəti tərk etməsini istəyirlər. Ermənistan müxalifəti hazırkı hökumətin Azərbaycanla sülh müqaviləsi hazırlamaq istəyinə qarşı çıxırlar.
Ermənistandakı bu aksiyalar nəticəsində sonda Nikol Paşinyanın hakimiyyətdən getməsi mümkün ola bilərmi? Paşinyan devrilərsə, bu, davam edən Ermənistan-Azərbaycan sülh danışıqlarına necə təsir göstərəcək?
Bu barədə Redaktor.az-a açıqlama verən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, İrəvandakı bu prosesin içərisində Rusiya var:
“Müxalifət nümayəndələri Robert Köçəryan, Serj Sarkisyan və başqaları, bunlar hamısı Rusiyanın agentləridir. Reytinqləri də çox aşağıdır. Mitinqə cəmi 4-5 min adam çıxara bilirlər. Amma bəzən 7-8 minə çatdıranda Rusiyanın Gümrüdəki əsgərlərindən də, agentura şəbəkəsindən də kömək gəlir. Amma mənim zənnimcə Nikol Paşinyan bir az sərt hərəkət etsə, onları sakitləşdirə bilər”.
Politoloqun sözlərinə görə, Rusiya işə qarışarsa, Nikol Paşinyan hakimiyyətdən gedə bilər:
“Robert Köçəryan törətdiyi cinayətlərə görə tutulub dama basılmalıdır. Serj Sarkisyan ondan da betər cinayətkardır. O da təcridxanada olmalıdır və s. Aranı qatıb, suyu bulandıranların da bir çoxu cəzalandırılmalıdır. Yəni hakimiyyət özünü qorumağı bacarmalıdır. Mübarizə aparırlar, amma zəif mübarizə aparırlar. Yalnız Rusiyanın işə tam gücü ilə qarışdığı təqdirdə ola bilsin ki, ehtimalla deyirəm ki, Nikol Paşinyanı devirsinlər. Amma məncə Nikol Paşinyan kifayət qədər gözəl bir siyasətçidir, xalqın böyük yaşamını müdafiə edir. Buna görə də onu devirmək o qədər də asan olmayacaq. Xüsusən də əlləri dirsəyə qədər qana batmış cinayətkar Qarabağ klanının üzvləri. Yerli ermənilər onlara nifrət edir”.
Qabil Hüseynli Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasın deyə, Paşinyanın devrilməsinə və Köçəryan-Sarkisyan qruplaşmasının yenidən hakimiyyətə gəlməsində maraqlıdır:
“Ona görə maraqlıdır ki, onları Azərbaycana qarşı çevirməyə çalışacaq. Bu saat Rusiya həm sülh müqaviləsinin imzalanmasını istəmir, həm də Azərbaycana qarşı pozucu təxribatçı işlər aparır. Rusiya narahat bir xalqdır, narahat bir dövlətdir. Bizim başımıza gələn bu müsibətlərin hamısı Rusiya ilə bağlı deyil? Qarabağ müharibəsini onlar yaratmadılar? 44 günlük müharibə dövründə Ermənistana hər cür yardımı onlar göstərmədilər? Ərazi bütövlüyümüzü bərpa etməyi başa çatdırırıq ki, Qarabağa sülhməramlı qüvvələr qoysunlar? O qüvvələri gətirib onlar yerləşdirmədi? Düşmən necə olur? Düşmən bu cür olur da”.
Politoloqun fikrincə, Nikol Paşinyanın hakimiyyətdən getməsi sülhü dayandıracaq və bölgədəki vəziyyəti dəyişəcək:
“Paşinyan gedərsə, bu, çox mənfi təsir göstərəcək. Yenidən müharibə təhlükəsi meydana gələ bilər. Azərbaycan ordusu yenidən hərbi əməliyyatlara başlaya bilər. Oradakı o müxalifətçilər müxalifətçi deyil, revanşistlərdir. Ona görə də Cənubi Qafqazda vəziyyət tamamilə qarışa bilər”.
Zərif Ülviqızı












