Piyada zolağı yoxdur, keçid uzaqdır, yolu haradan keçək? - AÇIQLAMA - FOTO

 12:18 21.05.2022     3281

Bakı sakinlərinin şikayət etdiyi mövzulardan biri Xətai rayonu ərazisində magistral yollarda piyada zolağının olmamasıdır. Yusif Səfərov küçəsi boyunca maşınlar sürətlə hərəkət edir. İnsanlar deyirlər ki, yolu keçib digər istiqamətə getmək üçün xeyli yol getmək lazımdır. Bakı Şəhər Baş Polis İdarəsindən Ali Məhkəməyə qədər yolu keçmək üçün nə bir piyada zolağı, nə də keçid var. Həmin istiqamətdə də “Azəriqaz”, Azərbaycan Beynəlxalq Bankı, Leyla klinikası, Mərkəzi Neftçilər Xəstəxanası kimi vacib müəssisələr var. Piyada keçidindən istifadə etmək vətəndaşlar üçün həm vaxt itkisidir, həm də yorğunçuluqdur. Vətəndaşlara maraqlıdır ki, niyə həmin istiqamətə piyada zolağı çəkilmir?

Məsələ ilə bağlı öncə Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. Agentliyin  mətbuat katibi Mais Ağayev Redaktor.az-a bildirdi ki, onlar təklif veriblər:

“Dediniyiz ünvan və “Trump Tower” tərəfdə yerüstü piyada keçidinin təşkil olunması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlanaraq razılaşdırılması üçün müvafiq qurumlara göndərilib. Nə zaman tikiləcəyi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən asılıdır. Həmin ünvanda, “Trump Tower”in yanında,  xüsusən belə surətli və çox hərəkət zolaqlı yollarda yeraltı və yerüstü piyada keçidləri ilə bağlı təkliflər verilib və onların tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə saytımıza bildirdi ki, onlar sadəcə tikinti işi ilə məşğul olur:

“Biz tikinti işlərini həyata keçiririk. Orada əgər keçidə ehtiyac varsa, bununla bağlı yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurumlar var. Bakı Şəhər İcra hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi və s. Onlar məşğuldur. Onlar təkliflər verməlidir. Nazirlər Kabinetinin nəzdində Yol hərəkətinin təşkili və təhlükəsizliyi komissiyası var. Qərar qəbul olunduqda ki, orada belə bir keçid tikilsin, o zaman işin icrası artıq bizə tapşırılır. Biz yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurum deyilik. Bakı Nəqliyyat Agentliyi birbaşa olaraq Bakı şəhərində yol hərəkəti və təhlükəsizliyi ilə məşğul olan qurumdur. O cümlədən də yol polisi. Birbaşa olaraq onların səlahiyyətində olan məsələdir ki, bu məsələ ilə bağlı təkliflər verir. Əgər təklif qəbul olunursa, işin icrası artıq bizə yönəldilir.

Yol hərəkətinin təşkili və təhlükəsizliyi komissiyasına Bakı şəhəri və şəhər ətrafı ərazilərdə yeraltı və yerüstü piyada keçidləri ilə bağlı təkliflər hazırlanıb. Təqdim olunub. Həmin təkliflərdə də sözügedən ərazidə piyada keçidinin inşası ilə bağlı təklif də var. Bu təkliflərə razılıqlar olduqca, layihələr təsdiqləndiqcə, icrası Azərbaycan Avtomobil Dövlət Agentliyinə tapşırılır. Necə ki, Bakı şəhəri və şəhər ətrafı ərazilər son illər həmin təkliflər əsasında yeraltı və yerüstü piyada keçidlərinin inşası icra olunub, həmin ərazi ilə bağlı qərar olunacağı və layihə təsdiqlənəcəyi təqdirdə təbii ki, icrasını həyata keçirməyə hazırıq”.

Zərif Ülviqızı

2222