"Azərbaycan sülh müqaviləsinə doğru gedir" - Deputat

 14:18 23.05.2022     515

Mayın 22-də Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Avropa İttifaqı Şurası Prezidentinin dəvəti ilə baş tutan görüşdə Ermənistanla Azərbaycan arasında sülh danışıqları müzakirə edilib.

Liderlərin Brüssel görüşünü Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, dünənki görüşü Azərbaycanın xarici siyasətində növbəti uğurlu bir məsələ hesab etmək olar:

"Ermənistanın vaxtaşırı post-münaqişə dövrünün problemlərin həlli ilə bağlı məsələləri mürəkkəbləşdirməyə və yaxud da mövzudan kənara çıxarmaq cəhdinə baxmayaraq proses hələ ki, Azərbaycanın 5 prinsipi ətrafında gedir. O 5 prinsip isə beynəlxalq hüquq normalarına, hər iki dövlətin suverən hüquqlarına, mehriban qonşuluq münasibətləri qurmağa yönəlib. Hələ ki, bu məsələdə tərəflər müəyyən siyasi razılığa gəliblər. Gələcəkdə necə olacaq, bu haqda Ermənistanın səmimiyyətindən və münasibətləri daha da genişləndirmək istəyindən asılı olacaq. Ancaq Ermənistanın nə istəməyindən asılı olmayaraq Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək, öz ərazi bütövlüyünə, suverən hüquqlarına Ermənistan tərəfindən artıq rəsmi şəkildə hörmətlə yanaşılması məsələsini qətiyyətlə qoyacaq”.

Deputat hesab edir ki, Ermənistan-Azərbaycan münasibətləri təkcə region üçün deyil, bütün dünya üçün önəmlidir:

“İlk növbədə onlar sülh üzrə işin aparılması, sərhədlərin demarkasiyası, delimitasiyası ilə bağlı işçi qrupların fəaliyyətə başlaması, humanitar əlaqələrin qurulması, ən əsası Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün qarşılıqlı əlaqələr barəsində ümumi razılığa gəldilər. Əgər bu məsələlər öz həllini taparsa, burada hər iki tərəf udacaq. Region, ümumilikdə dünya udacaq. Avropa kimi nüfuzlu siyasi mərkəzin bu gün bu məsələnin həllinə diqqət etməsi onu göstərir ki, problemin həlli təkcə region üçün deyil, dünya üçün əhəmiyyətlidir.

Cənubi Qafqaz çox ciddi loqistik mərkəzdir. Bu, qərblə şərqin kəsişdiyi bir məkandır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrdən biridir. Regionun hər iki ölkəsi Avropa dəyərlərinə öz bağlılığını bildirirlər. Hər biri öz baxışında bu dəyərlərə doğru gedir. Həmçinin problemin həll edilməsi Avropanın siyasi nüfuzunun da artmasına kömək olar”.

Aydın Mirzəzadənin fikrincə, Ermənistanın sülh müqaviləsi imzalanması prosesini gecikdirməsi ona ziyan olacaq.

“Azərbaycan sülh müqaviləsinə doğru gedir. Bizim üçün əhəmiyyətli olan məsələnin sona qədər gedilməsidir. Ancaq Ermənistanın bunu həqiqətən istəyirmi, bunu gələcək göstərər. Hətta Ermənistan sülh müqaviləsini uzatsa belə, bu, ilk növbədə özünə zərər vuracaq, Azərbaycana yox”, - deyə deputat bildirdi.

Zərif Ülviqızı