Azərbaycan-Litva əməkdaşlığı yeni mərhələdə

 16:41 23.05.2022     239

Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə bugünlərdə baş tutmuş səfəri əməkdaşlığımızın strateji mahiyyətini bir daha təsdiqləmiş oldu. “Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən Sizi bizim ölkədə qəbul etməkdən çox məmnunam. Azərbaycana rəsmi səfər etdiyiniz üçün çox sağ olun. Biz bunu dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir.” – Bu sözləri mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Litvalı həmkarı ilə birgə keçirdiyi  mətbuat konfransında söyləyib. Litva Prezidenti Azərbaycana uğurlu səfərinin yekunları ilə bağlı mətbuata verilmiş bəyanatlarda  hər iki ölkə, eləcə də, Azərbaycana, Litvaya qonşu, tərəfdaş, dost olan ölkələrçün maraqlı, mühüm məqamlar vardır.

Prezidentlərin bəyanatlarında ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq palatformaları, bir sıra beynəlxalq mövzular da yer aldı.  Biz onun da fərqindəyik ki, Azərbaycan Prezidentinin bölgədə yaranmış yeni reallıqları, tarixi zəfərimizi və hazırkı Sülh gündəliyini əhatə edən bəyanatı 18 mayda – Laçının işğal günündə, daha dorğusu, keçmiş işğal günündə verilirdi. “Keçmiş işğal günü” deyiriksə, deməli, yeni səhifə başqa siyasi iqlimdə cərəyan etməlidir: bölgə üçün, yaxın-uzaq ölkələrçün, hər kəs üçün beynəlxalq hüquq normalarına, birgəyaşayış qaydalarına, mehri­ban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq və s. vacib prinsiplərə sadiqlik alternativlərin ən yaxşısıdır: “biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil”. Azərbaycanla Litva da məhz alternativlərin ən yaxşısı üzrə əlaqələrdə maraqlıdır və bu maraq, Litva Prezidentinin ölkəmizə səfəri əsnasında aparılmış müzakirələrlə bir daha təsbit olunmuş, qüvvətlən­dirilmişdir.

Litva ilə Azərbaycan strateji tərəfdaşlardır və bu tərəfdaşlıq uzun illərə dayanır: “İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasın­dakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür”.

Azərbaycan Prezidentinin bəyanatında özəlliklə sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət yönündə dövlətimizin niyyəti, planları, prinsipial mövqeyinə dair mövzular əsas yer tutdu. Bu, əlbəttə, təsadüfi deyildir. Birincisi, ona görə ki, Azərbaycan Qafqazlarda Litvanın önəmli – Litva Prezidenin öz sözləri ilə desək, çox önəmli tərəfdaşıdır. Çox önəmli tərəfdaşla ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlı olan Litva, Cənubi Qafqazın bu, ən böyük, ən güclü ölkəsində sabitlikdə, istiqrarda maraqlı olması qayət məntiqlidir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlayıb və ölkəmizə yatırımda maraqlı olan dost, tərəfdaş ölkələr üçün bu böyük quruculuq işləri də, əlbəttə, cazibədardır. Başqa bir mövzu, Avropa və onun təhlükəsizlik arxitekturasıdır. Litva həm Avropa İttifaqının üzvü, həm vaxtilə bizimlə birgə keçmiş Sovet İttifaqının üzvü olması baxımından önəmli yerə malikdir. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması təsadüfi deyil. Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında razılaşmalar imzalayıb. Yəni, Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. “Avropa İttifaqı–Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamət­ləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb”. – Azərbaycan Prezi­den­tinin sözləridir. Nəzərə alsaq ki, Azərbycan-Litva  ikitərəfli münasi­bətləri 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə inkişaf etməkdədir – deməli, bu əməkdaşlıq ruhunu digər platformalarda da qorumaq, daha da inkişafına nail olmaq maraqlarımıza daxildir.

Nəhayət, onu da vurğulayaq ki, Litva Prezidenti Bakıdan sonra İrəvana getdi. Bu isə onunçün hər iki paytaxtda, dövlət rəhbərliyində, ümumən ölkələrdəki vəziyyət, sülh gündəliyinə münasibət və s. mövzulara vaqif olma imkanı yaradacaq. Azərbaycanın mövqeyi aydındır: “Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik”. – Avropa İttifaqının üzvü olan keçmiş Sovet İttifaqının üç respublikasından birinin rəhbəri olan Gitanas Nauseda, Azərbay­candan Ermənistana aydın təsəvvürlərlə yollanmışdır. – Bizim mövqeyimizin çox aydın olması, Ermənistanın Litva ilə, Avropa İttifaqı ilə, digər ikitərəfli, çoxtərəfli münasi­bətlər zəminində hər hansı formada “suyu bulandırmaq” cəhdlərini əhəmiyyətsizləşdirir.

Azərbaycan Prezidentinin 18 may bəyanatındakı ismarıcları yığcam şə­kil­də ifadə etməyə çalışaq:

- Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fə­aliyyət bölgəsi kimi görmək istəyir. Bununçün real imkanlar yaranıb və məhz Ermənistan sülh, əməkdaşlıq üçün real addımlar atmır yaxud ata bilmir. Bu isə Cənubi Qafqaz üçün sülh, təhlükəsizlik və sabitlik mühitinin yaranmasını gecikdirir, vaxt itkisi yaradır;

- Azərbaycanın sülh danışıqlarının baza prinsipləri olaraq irəli sürdüyü 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına tam uyğundur və Ermənistanın onlardan imtinası məhz beynəlxalq hüququ saymamasının ifadəsi olacaq;

- Sərhədlərin delimitasiyası artıq başlamalıdır, bununçün real vaxt, şərait yetişib. Ermənistan hakimiyyətinin bacarıqsız,  məsuliyyətsiz mövqeyi rahatsızlıq doğurur. Azərbaycan müvafiq işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır olsa da, qarşı tərəf görüşün keçirilməsindən artıq iki dəfə imtina edib, üstəlik, görüş üçün hər hansı yeni tarix verməyib;

- Azərbaycan son iki ildə nə edib? – İlk növbədə, BMT Nizam­naməsinin verdiyi özünümüdafiə hüququndan yararlanaraq, ərazi­lərini işğaldan azad edib, ikincisi, azad edilmiş ərazilərdin minalardan təmizlənməsi, infrastrukturun bərpası, əhalinin öz yurd-yuvasına dönməsi, şəhərlərin, kəndlərin sıfırdan yenidən qurulması üçün genişmiqyaslı işlərə başlayıb. Bütün bunlar işğalçı ilə işğala məruz qalan, vandallıq edənlə abidələri dağıdılan tərəflərin fərqini, durumun, gündəliyini müqayisə etməyə geniş imkan yaradır. Belə bir keçmiş üzərində sülh bərqərar etmək nə qədər çətin olsa da, Azərbaycan yenə irəli baxır, ədalətli gələcək quruculuğuna çalışır. Avropa İttifaqı da, bütün beynəlxalq aləm də, bu durumu, gerçəkliyi, imkanları görməli, adekvat münasibət göstərməlidir.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

Milli Məclisin komitə sədri