“Azərbaycan Dəmir Yolları"nda ciddi qüsurlar var, təftiş olunmalıdır” - AÇIQLAMA

 15:35 25.05.2022     1178

Rayonlara qatarla getmək istəyən insanlar bildirir ki, “Azərbaycan Dəmir Yolları” Gəncə şəhərinə sərnişin qatarının fəaliyyətini bərpa etsə də, digər rayonlar üzrə qatarlar hələ də fəaliyyət göstərmir. Qazaxa, Lənkərana getmək istəyən sərnişinlər məcbur avtobusla hərəkət edir. Bəs görəsən, niyə digər istiqamətlərə də sərnişin qatarlarının fəaliyyəti bərpa edilmir?

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Redaktor.az-a bildirildi ki, hazırda həmin istiqamətlərdə kontakt şəbəkələr yenilənir:

“Martın 19-dan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub. Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb. Məlumat üçün bildirək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var. Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. 1 qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların  ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda kontakt şəbəkə o istiqamətlərdə yenilənir. Həmçinin Bakı-Gəncə sürət qatarının marşrutunun Ağstafa stansiyasına qədər uzadılması istiqamətində işlər həyata keçirilməkdədir. Hazırda qatar Bakı, Biləcəri, Yevlax, Goran və Gəncə stansiyalarında dayanır. Qatarlar hələ ki, bu istiqamətlərdə işləmir”.  

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə dedi ki, ümumən digər istiqamətlərdə elektrik qatarlarının, dəmir yolu fəaliyyətinin bərpa olunması artıq vacibdir:

“Çünki ətraf mühitin qorunması üçün bu önəmli bir faktordur. Nəzərə almaq lazımdır ki, qatarların işləməməsi, ictimai nəqliyyatın fəaliyyət göstərməməsi, sonda avtomobilləşməyə gətirir çıxarır. Avtomobillərin çoxlu hərəkəti o zaman yol nəqliyyat hadisələri baxımından, eyni zamanda ətraf mühitin çirklənməsi baxımından ciddi problemlər yaradır. Bu baxımdan, düşünürəm ki, dövlət tərəfindən bu məsələyə çox ciddi yanaşılmalıdır. “Azərbaycan Dəmir Yolları” bu məsələyə həssas yanaşmalıdır. Belə olan halda vətəndaşların daha çox hərəkətini qatarlar üzərindən qurmaq lazımdır”.

Müsahibimiz qeyd etdi ki, bir çox ölkələrdə hətta yük daşımaları belə qatarlar üzərindən həyata keçirirlər ki, yolların qorunması baxımından bu çox önəmlidir:

“Azərbaycanda respublika əhəmiyyətli yollar niyə tez-tez sıradan çıxır? Çünki yük maşınları yük daşıma qaydalarını pozurlar və yaxud da onların intensiv hərəkəti yolların tez bir zamanda sıradan çıxmasına gətirib çıxarır. Belə olan halda təbii ki, biz alternativ yollara əl atmalıyıq. Alternativ vasitələrə baxmalıyıq. Nəzərə almaq lazımdır ki, burada ətraf mühitin çirklənməsi də önəmlidir. Onun qarşısını almaq lazımdır. Eyni zamanda, yollarda intensivliyi azaltmaq lazımdır. Yolların qorunmasını və təbii ki, yol nəqliyyat hadisələrinin azalmasını. Bu gün yollarda baş verən qəzaların bir qismi həm də yük avtomobillərinin payına düşür. Fasiləsiz, istirahətsiz fəaliyyət göstərirlər, yük daşıyırlar və axırda da biz böyük faciələrin şahidi oluruq”.

Elməddin Muradlı bildirdi ki, dəmir yolu xətlərinin şaxələnməsi vacibdir. Bütün kəndlərə, qəsəbələrə, rayonlara dəmir yolu xətləri çəkilməlidir:

“Təhlükəsizlik qaydalarına əməl etməklə bu işləri görmək lazımdır. Bunun faydasını biz zamanla görəcəyik ki, rayonlardan Bakıya kütləvi avtomobillərin axını baş verməyəcək. Eyni zamanda da, Bakıdan rayonlara avtomobillə hərəkət azalacaq. Amma qiymətləri elə etmək lazımdır ki, insanlar üçün əlçatan olsun. Vaxt məsələsi də vacibdir. Adını sürət qatarı qoyurlar, amma 4-5 saatlıq yoldur. Bunun harası sürət qatarı olur? Sürət qatarı dedikdə dünyanın bir çox inkişaf etmiş ölkələrində gördüyümüz sürət qatarlarını nəzərdə tuturuq ki, vaxta qənaət baxımından insanlar ona üstünlük verirlər. Bizdə də bu məsələlərə yanaşma olmalıdır. Bu gün üçün planlaşdırılan məsələ kimi baxmamalıyıq”.

Ekspertin sözlərinə görə, avtomobilləşmə tıxaclara səbəb olur:

“Biz illər sonra yol təsərrüfatına çəkdiyimiz xərcləri, yollarda qəzaların sayını  azaltmaq üçün, dəmir yollarını inkişaf etdirməliyik, şaxələndirməliyik. Bunun önəmi çoxdur. Avtomobilləşmə sürətlə gedir. Çünki ictimai nəqliyyat düzgün işləmir. Qaydalar qorunmur. İctimai nəqliyyat həm də dəmir yoludur, metrodur, avtobuslardır. Bunlar az olanda təbii ki, şəxsi avtomobillər gündəmə gəlir. Şəxsi avtomobillər də çoxalanda Bakının giriş-çıxış nöqtələri  günün bəzi saatlarında tıxac üzündən qapanır”.

Elməddin Muradlı təəssüflə dedi ki, “Azərbaycan Dəmir Yolları” QSC çox ciddi qüsurlara yol verməkdədir:

“Düzdür işğaldan azad olunan ərazilərə bir sıra xətlər çəkilir, işlər gedir, amma nə sirdirsə Azərbaycan Dəmir Yolları İnvestisiya Holdinqinin tabeliyinə veriləndən sonra sanki canlı meyidə çevrilib. Bu, çox biabırçı yanaşmadır. Kimə naz edirlər, hava atırlar, bilinmir. Amma bu yanaşma şəxsi yanaşma səviyyəsində olmamalıdır. Bu şəxsi idarən deyil ki, kiməsə acıq edib bir mövqe ortaya qoyasan. Bu, dövlətin siyasətidir. Dövlətin təhlükəsizliyindən, nəqliyyat infrastrukturunun güclənməsindən söhbət gedirsə, burada hər kəs var gücü ilə çalışmalıdır. Düşünürəm ki, "Azərbaycan Dəmir Yolları" ciddi şəkildə təftiş olunmalıdır. Bu yaxınlarda işçilər də etiraz etdilər, maaşları azaldırlar. Bilmirəm orada nə hoqqalar, oyunlar baş verir. Dəmir yolunda ciddi qüsurlar var. Mənə elə gəlir ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Bütün istiqamətlərdə dəmir yolunun fəaliyyəti bərpa olunmalıdır”.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən