Deputat dağıdılan qəbirlərdən danışdı: "Atamın məzarıdır" - FOTO
"Dünən REAL partiyasının sədri İlqar Məmmədovun sosial şəbəkələrdə Urud qəbristanlığı barədə bir paylaşımı diqqət mərkəzində oldu. Gecə yarı dostlar mənə yazdılar.
İngiltərədən olan fars əsilli bir səyyahın tviterdə qeydləri əsasında İlqar bəyin paylaşımı dağıdılmış Urud qəbristanlığındakı məzar daşlarının fotoları barədə idi. İlqar bəyin zənni düzdür. Fotodakı məzar daşlarından biri mənim mərhum atamın qəbirüstü abidəsinə aiddir. Digər baş daşıları da bizim qohumlar və həmkəndlilərimizə məxsusdur.
Urud qəbristanlığı ilə bağlı paylaşımına görə hörmətli İlqar bəyə təşəkkürümü bildirirəm".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa (Urud) Quliyev özünün feysbuk hesabında yazıb.
Deputat təəssüflə qeyd edib ki, işğal altındakı bütün yurdlarımızda qəbristanlığımız belə vandallığa məruz qalıblar:
"2006- cı ildə mən Uruda getmişəm və dağılmlış qəbristanlığı gözlərimlə görmüşəm. 14- 16- ci əsrlərə məxsus qədim alban-türk məzarüstü abidəlırin biri də salamat qalmayıb.
Uruddan qayıdandan sonra "Uruda iki səfər" adlı kitab da yazmışam. Həmin kitabın ingilis və fransız dilli versiyaları da çap olunub.
Allah bütün mərhumlarımıza rəhmət eləsin. İnşallah bir gün qayıdıb bərpa edərik, kəndlərimizi də, məzar daşlarımızı da. Ata-babalarımızın sərgərdan ruhları da o zaman rahatlıq tapacaqdır", - deyə Musa Quliyev bildirib.
T.İSMAYIL













