Vətəndaş şikayətlərinə niyə imtina cavabı verilir? - Zahid Orucdan AÇIQLAMA
Vətəndaşlar tez-tez şikayət edirlər ki, dövlət qurumlarında onların müraciətlərinə baxılmır. Baxılsa belə müraciətlərin böyük bir hissəsinə imtina cavabı verilir.
Bəs nə etmək olar ki, dövlət qurumları vətəndaş müraciətlərinə imtina cavabı yox, əksinə onun həllinə çalışsınlar?
Mövzu barədə Redaktor.az-a danışan milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, ölkədə həyata keçirilən mühüm islahatlar və tədbirlər məhz bu istiqamətdədir.
“Cənab prezident bir neçə müddət öncə vətəndaşların şikayət və müraciətlərinə baxılması üzrə xüsusi bir qurumun - Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin inzibati binasının açılışında iştirak etdi. Orada vətəndaşların müraciətlərinin hansı kateqoriya üzrə sistemləşdiyi elan olundu. Müraciətlərin 60 faizindən yuxarı hissəsi sosial xarakter daşıyır. Yəni mənzil şəraiti, işlə bağlı problemlər, əlillik dərəcəsinin təyinatı və s. məsələlər təşkil edir. Yerdə qalan təhsil, səhiyyə və s. məsələlər bu müraciətlərin içərisində önəmli yer tutur”.
Deputat bildirdi ki, post-pandemiya dövrünə qədəm qoyduğumuzu deyə bilərik:
“Bu isə o deməkdir ki, bilavasitə əyani qəbullar, görüşlər, təmasların maksimum səviyyədə sayını artırmaq lazımdır. Çünki insanlarla aradakı məsafə böyüdükcə, bundan irəli gələn çox ciddi problemləri meydana gətirə bilərlər. Müxtəlif sosial narazılıqlar, onun siyasiləşdirilməsi cəhdləri, vətəndaş toqquşmalarına yol açacaq hansısa ssenarilər, xarici planlar üçün əlverişli zəminin meydana gəlməsi, o dediyimiz hallarda baş verir. Belə olan təqdirdə vətəndaş şikayət və müraciətləri ilə bağlı Administrasiyada müvafiq şöbə hər zaman bununla bağlı çox ciddi hesabatlar və məlumatlar yayır. Biz orada hansı qurumlar, təşkilatlar, yerli orqanlar vətəndaş müraciətlərini necə qarşılayırlar, onu görə bilirik. Bu özü-özlüyündə onların fəaliyyətini qiymətləndirmək baxımından mühüm bir indikatordur. Artıq cəmiyyətdə bu məsələlər bəllidir”.
Zahid Oruc qeyd etdi ki, artıq dövlət orqanlarında hər şey şəffafdır:
“Müəllimlərin işə qəbulu ilə bağlı hansısa məmurun, yaxud da onun mənafeyini tapdalayan, qanunsuzluq edən insanın əməli ilə qarşılaşdığını deyirdilər. Çünki əlverişli bir yer, dəhliz var idi ki, oradan keçə bilirdilər. Burada da faydalanmaq istəyirdilər ki, kimsə rüşvət əldə etsin, qazanc qazansın. Mexanizm şəffaflaşandan sonra artıq müəllimlərin işə qəbulu ilə bağlı məncə artıq rüşvət qalmır. Hesab edirəm ki, artıq hamı başa düşür ki, bunun bir bəlli, aydın, hamı üçün görünən mexanizmi var. Yenə də məhəlli səviyyədə bölgələrdə kimsə fakt olaraq müəyyən sahədə addımlar ata bilər. Amma bunun kütləvi xarakter daşıdığını məhz mərkəzdən qaynaqlandığını, nazirlikdə bu işin kiminsə üzərində durduğunu, bir mexanizm kimi təşkil etdiyini iddia etmək bu doğrudan da haqsızlıq olacaq”.
Millət vəkilinin sözlərinə görə, şikayətlər çox mühüm bir barometrdir:
“Biz dərhal başa düşəcəyik ki, hansı xarakterli məsələlər insanları daha çox narahat edir. Onların həlli yolları nədən ibarət olmalıdır? Bunun nə qədər hissəsi subyektiv, nə qədəri obyektivdir? Məsələn, Bərdədə kənd yeri olduğu üçün insanların əksəriyyəti suvarma suyuna ehtiyac duyurlar. O cümlədən içməli su ilə bağlı ciddi problemlər var. 929 artezian quyusu var. Bunun hər birinin üzərində elektrik qurğusu, digər başqa avadanlıqlar və bunun nə qədər insanın həyatını, təsərrüfatını, torpaq sahələrini, oradakı fəaliyyətini göz önünə gətirdiyimizdə, onun böyük bir hissəsinin dövlət tərəfindən qarşılandığını söyləyə bilərik. Amma yenə də problem hələ də var. O cümlədən ayrı-ayrı kənd yollarının düzəldilməsi”.
Zahid Oruc dedi ki, vətəndaş müraciətlərinə rədd cavabı verən qurumlar fəaliyyətlərinə hörmətsizlik edirlər:
“Məktəblərimizin mühüm bir hissəsi tikildi, yenidən quruldu və ya təmir olundu. Amma yenə də Bərdənin Lənbəran, Bəcirəvan, Hacallı və daha bir neçə kəndimizdə o problemlər hələ də qalmaqdadır. Valideynlər övladının yaxşı, savadlı müəlimlərin olduğu məktəbdə oxutmaq istəyir. Ona görə də vətəndaş şikayət və müraciətlərinin doğuran səbəblərin hər bir qurumda, hər bir hökumət orqanında təhlilinə və buna ciddi reaksiyalara ehtiyac var. Siz haqlısınız ki, əgər bu cür rədd cavabları sadəcə formalizm baş verirsə, bu həmin qurumların öz fəaliyyətinə münasibətidir”.
Deputat bildirdi ki, Azərbaycan Prezidentin siyasəti vətəndaş məmnunluğuna yönəlib:
“2019-cu il Prezident İlham Əliyevin yeni hakimiyyət quruculuğunu elan etdiyi ildir. Bütün sistemdə köklü dəyişikliklər başlandı. Bu yalnız kadr dəyişikliyi kimi xarakterizə oluna bilməz. Həqiqətən də çox mühüm tələblər qoyuldu, düşünürəm ki, qələbəmizdə önəmli rol oynayan amillərdən biri də bu oldu. Dövlət elitası arasında parçalanma, nifaq, toqquşma, xüsusi strateji sirlərin kənara ötürülməsi və s. görmədik. Əksinə monolitlik mövcud oldu. Belə olan şəraitdə harada ki, məmur ölkə rəhbərinin, dövlətin və xalqın etibarını itirəcək, onlar mütləq cəzalanacaq. İkinci mövqe yoxdur. Artıq əvvəlki kimi ölkə rəhbəri bu xəyanətlərə, məmur məsuliyyətsizliyinə, onların cinayətlərinə, korrupsiyasına dözmək kimi bir limiti vermir. Əksinə daha artıq dərəcədə güzəştsizlik mövqeyində hakimdir”.
Zahid Oruc qeyd etdi ki, islahatları sürətləndirmək, ünvanlı etmək lazımdır:
“Çox ümidvaram ki, prezidentin belə bir komanda quruculuğu prosesi davam etməkdədir. İcra hakimiyyəti sistemləri, xüsusi nümayəndəlik institutuna keçidlə müşayiət olunur. Amma bu proses müəyyən zaman alacaq. Ona görə də vətəndaşlarımızın da onları qane edən, istək və tələblərini ödəyən məmuriyyət sisteminin bundan sonrakı dövrdə qurulması zamanın çağırışı və tələbidir. Ölkədə həyata keçirilən mühüm islahatlar və tədbirlər məhz bu istiqamətdədir. Bunu daha da sürətləndirmək, daha da ünvanlı etmək lazımdır”.
Zərif Ülviqızı












