"Qüsur insanın mənəviyyatında ola bilər" - Məlahət İbrahimqızı
Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq. Bununla bağlı bir müddət öncə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilib. Yeni qanuna əsasən, təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsi məqsədini daşıyır.
Mövzu barədə Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyir ki, bu qərar hər cür xəstəliyi olan uşaqlara şamil olunmayacaq:
“Çünki elə uşaqlar var ki, onların məktəbə getməsi fiziki cəhətdən mümkün deyil. Amma bütövlükdə bu neçə illərdir Avropada da tətbiq olunur. Avropa Komissiyasının stiqma deyilən siyasəti, proqramı var. Xəstə uşaqların sağlam uşaqlardan ayrı oxuması onların cəmiyyətdə sosiallaşmasına, həm də onlara psixoloji olaraq təsir edir. Bu, onların cəmiyyətdən marginallaşmasına səbəb olur. Ona görə onların gələcəkdə cəmiyyətdə vətəndaş kimi cəmiyyətə inteqrasiyasında, cəmiyyətin hər bir üzvü kimi olması üçün belə bir təkliflər uzun illərdi səslənir”.
Millət vəkili bildirdi ki, dünya ölkələrində bu olduğu üçün bizdə də olmalıdır:
“Azərbaycanda da müəyyən xəstəlikləri olub məktəbə getməyənlər var, təbii ki, bütün xəstəliklərə aid deyil. Ona görə Azərbaycanda da bunu tətbiq etmək istəyirlər. İstənilən halda bu, mütərəqqi bir addımdır. Çünki Beynəlxalq insan hüquqları haqqında bəyannamədə də yazılıb ki, irqindən, cinsindən, sağlamlığından, dinindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqludur. Xəstələrin cəmiyyətdən kənarlaşdırılması, tamamilə marginallaşdırılması, əlbəttə insan haqlarına qarşı hörmətsizlikdir. Hələlik hansısa qrup xəstələrə tətbiq edərlər”.
Məlahət İbrahimqızının sözlərinə görə, biz insanlarımızı buna hazırlamalıyıq:
“Biz cəmiyyəti hazırlamalıyıq. Fərqliliyimiz gözəlliyimizdir. Məktəblərdə və ailələrdə tam fiziki sağlam uşaqlarla da ciddi iş aparılmalıdır. Bildirilməlidir ki, Allah insanı belə də yarada bilir, belə də. Biz o uşaqlara qüsur kimi baxmamalıyıq. Qüsurlu uşaqlar, insanlar deyə bilmərik. Qüsur insanın mənəviyyatında ola bilər. İnsanlar özü özünü yaratmır. Yaradan da yaratdığını fərqli formada yaradır. Bir növ də insanlara dərsdir. Ailələrdə, təhsil ocaqlarında bu siyasəti, bu təbliğatı ciddi şəkildə aparmalıdır. Həm cəmiyyətdə, həm də məktəblərdə”.
Uşaq və yeniyetmə psixoloqu Həmidə Məmmədova isə deyir ki, bu qərar uşağın probleminin dərəcəsindən asılıdır:
“O baxır problemli uşaqların dərəcəsinə. Elə uşaqlar var ki, sağlam uşaqlarla eyni səviyyədə çatdırıla bilər. Çünki təlimə yatımlıdır, təlimlidir. Amma elə uşaqlar var ki, onlarda vəziyyət ağır olur. O da uşaqın probleminin dərəcəsindən asılıdır”.
Psixoloq bildirir ki, elə uşaqları məktəb psixoloqu yoxlayır, sonra məktəbə qəbul edilir:
“Çox vaxt bəzi məktəblərdə psixoloqlar olur. Onlar uşaqlara xüsusi nəzarətlə yanaşırlar. Ya yanlarında otururlar, ya tez-tez gedib nəzarət edirlər. Həm də məktəb psixoloqu özü yoxlayır, dərəcəsinə baxır, ona uyğun uşağı götürür, ya da götürmür”.
Həmidə Məmmədovanın sözlərinə görə, müəllimlər və psixoloqların üzərinə böyük iş düşür:
“Müəllimlər və psixoloqlar uşaqlara başa salmalıdır. O uşaqlar hələ məktəbə qəbul olunmadan başa salmaq lazımdır ki, bu uşaq da sizinlə eyni dərəcədə uşaqdır. Sadəcə sizdən fərqlidir. Ona hörmətlə yanaşmalıyıq. Müəllimlər və psixoloqlar ona nəzarət etməlidirlər. Yəni digər uşaqların ona münasibətinə nəzarət etməlidirlər”.
Psixoloq qeyd etdi ki, bu prosesdə güclü nəzarət olmalıdır:
“Uşaqlar və valideynlər başa salınmalıdır. Demək lazımdır ki, bu uşaq da, sizin uşaqla eyni dərəcədədir. Sadəcə problemlidir. Əgər bu uşaq məktəbə qəbul olunubsa, deməli məktəbə yararlıdır. Məktəbə yaralıdırsa, deməli sizin uşaqlarla eyni səviyyədədir. Sadəcə fərqlidir. Müəllimlər valideynlərə, valideynlər də uşaqlara, eyni zamanda müəllimlər də uşaqlara başa salmalıdır. Burada bir neçə nəfər müəllim, psixoloq, valideyn uşaqların üzərində işləməlidir”.
Zərif Ülviqızı












