Avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq? - BNA-dan AÇIQLAMA

 11:42 31.05.2022     937

Son bir neçə gündür paytaxtda havanın temperaturunda artım müşahidə edilir. Bu isə ictimai nəqliyyatda kondisionerlərin işə salınmasını gündəmə gətirir. Sərnişinlər bildirirlər ki, istilər başladısa, avtobuslarda soyutma sistemləri də işə salınmalıdır.

Bəs Bakıda marşrut avtobuslarda kondisionerlər nə vaxt istifadəyə veriləcək?

Mövzu barədə Redaktor.az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev dedi ki, havalar maksimum isti olarsa, kondisionerlər də işə salına bilər:

“Ümumiyyətlə ölkədə rəsmi yay mövsümü iyun ayının 15-dən başlayır. Amma konkret bir vaxt yoxdur ki, bu gündən işləməlidir. Avtobuslarda kondisionerlərin işə salınması daşıyıcıların özlərindən asılı olan məsələdir. Avtobuslarda sərinləndirmə sistemlərinin mövcudluğu əlbəttə ki, sərnişinlərin rahatlığına hesablanıb. Əgər havanın temperatur göstəriciləri yüksək olarsa, bu sistemlər işə salınmalıdır. Sərinləndirmə sistemi olmayan avtobuslarda isə pəncərələri açıq saxlamaqla təbii havalandırma təmin olunmalıdır”.

BNA rəsmisi bildirdi ki, əsas olan sərnişinlərin rahatlığıdır:

“Bakı şəhərində havanın temperatur göstəriciləri bildiyiniz kimi son bir həftəyə qədər sərin keçirdi. Bir neçə gündür ki, bu isti havalar müşahidə olunur. Yüksək temperatur davam edərsə, yay mövsümü başlamazdan əvvəl artıq bu sistemlərin işə salınması ilə daşıyıcılara tapşırıqlar veriləcək. Çünki vacib olan avtobusda səyahət edən sərnişinlərin rahatlığıdır”. 

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən