“Bu cür məhkəmə səhvləri insanların həyatını məhv edir” - Fazil Mustafa
Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 27 may tarixində imzaladığı sərəncam ömürlük azadlıqdan məhrum edilmiş Şəmsi Səmədzadəyə də şamil olunub.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilən Ş. Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış iş adamı olub.
Sosial şəbəkələrdə yazılanlara görə, onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar sifariş nəticəsində verilib.
Milli Məclisin deputatı, Prezident yanında Əfv Komissiyasının üzvü Fazil Mustafa da Redaktor.az-a bildirdi ki, Ş.Səmədzadənin həbs edilməsi məhkəmə səhvi idi:
“Mənim fikimcə orada ömürlük həbs almaq üçün ciddi bir əsas yox idi. Məhkəmə səhvlərindən biri idi. Ola bilsin müəyyən kriminal hadisələr, hansısa bir problem var idi. Amma buna görə belə bir ağır cəza verilməsi doğru deyildi, həddən artıq ağır cəza idi. Onun cəzası ömürlük həbsə uyğun deyildi. Çünki Əfv Komissiyasında da məsələlər araşdırılanda fikrimi söyləmişdim. O baxımdan da bu cür məhkəmə səhvləri sonradan insanların taleyində böyük problem yaradır”.
Millət vəkili bildirdi ki, Ş.Səmədzadənin həbs edildiyi vaxtlar Məhkəmə Hüquq Şurası olmadığı üçün səhv qərar verilib:
“Məhkəmə səhvlərinə Məhkəmə Hüquq Şurası baxmalıdır. Onun vaxtında hələ Məhkəmə Hüquq Şurası yaradılmamışdı. Amma indi hesab edirəm ki, bu isiqamətdə çox ciddi hakim səhvlərinin çox olmaması üçün müəyyən addımlar atılır.
Əlbəttə həmin şəxsin əfv edilməsini müsbət qarşılayıram. Çünki əsassız ittiham olunur, həbsdə yatırsa, heç birinin kənarda qalması olmaz. Bu da humanist bir aksiyadır. Biz də Əfv Komissiyasının üzvü kimi prosesdə iştirak etmişik. Hesab edirəm ki, gücümüz yetdiyi qədər əfv olunmağa və cəmiyyətə faydası dəyə biləcək insanların yenidən şans qazanmasına köməklik göstərməyə çalışmışıq”.
Fazil Mustafa ümumi əf sərəncamını da dəyərləndirərək bildirdi ki, insanlar çalışıb onlara verilən bu şansdan düzgün istifadə etməlidir:
“Əfv Komissiyası tərəfindən müəyyən şəxslər əfvə layiq bilinir. Bunu dəyərləndirmək də ölkə prezidentinin müstəsna səlahiyyətidir. Prezident də bu şansı həmin insanlara verir. İnsanlar da bundan çalışıb daha sağlam şəkildə istifadə etməlidirlər ki, geri qayıtmasınlar”.
Zərif Ülviqızı












