Ermənistan qaçqınlarının pasportları niyə özlərinə qaytarılmalıdır? - Deputat və hüquqşünas DANIŞDI

 11:31 01.06.2022     790

Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Əziz Ələkbərli sovet dövründə Ermənistan vətəndaşı olan azərbaycanlıların yığılmış pasportlarının özlərinə qaytarılmasını təklif edib.

O qeyd edib ki, Ermənistandan qaçqın düşən azərbaycanlıların Ermənistan vətəndaşı olduğunu təsdiq edən pasportlar 1990-cı illərdə yığılıb:

"Bunu Daxili İşlər Nazirliyinin "Pasportstol"u həyata keçirib. Həmin pasportlar bizim Ermənistan vətəndaşı olduğumuzu təsdiq edən ən tutarlı sənədlərdir. Həmin sənədlərin üzə çıxarılmasını təklif edirəm". 

Bəs 1980-ci illərin sonunda Ermənistan SSR-dən ölkəmizə qaçqın düşən Azərbaycan türklərinin həmin pasportları özlərinə qaytarıla bilərmi? Bunun hansı əhəmiyyəti var?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, o pasportların hüquqi gücü olmayacaq:

“Bilmirəm Əziz bəy bunu nə niyyətlə deyib. Hər halda biz zaman-zaman demişik ki, o torpaqlar bizim tarixi torpaqlarımızdır. Biz orada min illər boyu yaşamışıq. Sonradan Rusiya özünün geopolitik layihəsini, relyefini ortalığa qoyaraq milli qondarma Ermənistan dövləti yaratmışdır. Faktiki olaraq bu niyyətə xidmət edən tədbirdirsə, əlbəttə buna normal yanaşmaq lazımdır. Ancaq 1988-ci ildən zorakılıqla qovulan soydaşlarımızın başdan-başa hamısı Azərbaycan vətəndaşlığını qəbul edib. Onda bu pasportun geri qaytarılması nə verir? Adi pasport olur. Lakin onun hüquqi gücü olmur. İndiki Ermənistan Respublikasının vətəndaşlığını özündə daşıyırmı? Bax bunlara aydınlıq gəlməlidir. Pasportun qaytarılması kifayət deyil”.

Millət vəkili bildirdi ki, həmin pasportlar necə qaytarılacaq, bu məsələlər aydınlaşmalıdır:

“İkinci o pasportlar necə qaytarılacaq? Ermənistan SSR-nin pasportu kimi, yoxsa indiki Ermənistan Respublikasının pasportu kimi? Əvvəlki Ermənistan SSR-nin pasportu kimi onu o pasportları biz haradan alacağıq? Onlar yox olub, məhv olub, itib, batıb, gedib. İndiki Ermənistan da azərbaycanlılara vətəndaşlığı verib o pasportları təqdim edəcəkmi? Bu da kifayət qədər mübahisəli məsələdir. Bu məsələləri tam aydınlaşdırmaq lazımdır”.

Fəzail Ağamalı qeyd etdi ki, torpaqlarımıza qayıtmağımızın təməli 44 günlük müharibədə qoyulub:

“Mənim düşüncəmə görə aşağı, yuxarı gec-tez biz tarixi torpaqlarımıza qayıdacağıq. Artıq o proses başlayıb. 44 günlük müharibədən sonra onun təməli qoyulub. Müzəffər Ali baş komandan tərəfindən o xəritə cızılıb. Hədəf müəyyənləşdirilib. Biz tam əminəm ki, o torpaqlara, tarixi torpaqlarımıza hansısa bir yolla birdəfəlik əbədi olaraq qayıdacağıq”.

Deputatın sözlərinə görə, Ermənistan ərazisində doğulanlar Azərbaycan vətəndaşlığı alıblar:

“Azərbaycan vətəndaşlığını almaqla bərabər, onların qeydiyyatında doğum yeri kimi Ermənistan SSRİ yazılır. Məsələn, mənim doğum yerim kimi şəxsiyyət vəsiqəmdə yazılıb Ermənistan SSR-nin Sisyan rayonu, indi Qarakilsə. Bütün Ermənistanda olanların hamısının şəxsiyyət vəsiqəsində doğum tarixi var. Bunu hansı cəhətdən biz çevik və işlək hüquqi mexanizmə çevirəcəyik, bunun üzərinə düşmək lazımdır”.

Hüquqşünas Əlövsət Allahverdiyev isə dedi ki, Əziz Ələkbərlinin qaldırdığı məsələdə bir məntiq var.

“Məntiq ondan ibarətdir ki, o zaman onlar məhz azərbaycanlı olduqlarına görə Ermənistanda təqib olunurdular və ölüm təhlükəsi ilə üz-üzə qalırdılar. Bu baxımdan onlar Azərbaycana qaçdılar. Azərbaycana gəldikləri müddətdə onlar qaçqın hesab olunurdu. Onlara qaçqın statusu verilirdi. Qaçqın kimi qaçqınlara şamil olunan bütün hər şey onlara şamil olunurdu. Lakin onların Azərbaycan vətəndaşlığını qəbul etməsi və o pasportların yığılıb Azərbaycanın Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi onların qaçqın statusunun itirilməsinə gətirib çıxardı. Yəni artıq onlar qaçqın deyilllər. Bu gün onlar Azərbaycan vətəndaşı hesab olunur. Vətəndaşlığı əldə edən şəxsin də qaçqın statusu itirilmiş olur. Mən müdafiə etmirəm ki, pasportu qaytarsınlar. Lakin bu gün onların o pasportlarının özündə qalmış, onlara vətəndaşlıq verilməmiş olsaydı daha yaxşı olardı ki, bu gün biz onları qaçqın kimi yenə qəbul edib, öz yurd-yuvalarına qaytarılmasına köməklik göstərmiş olardıq. Bu gün biz deyəndə ki, onlar Ermənistan vətəndaşıdır, bizə inanan olmayacaq. Amma o sənədlər olanda və onlar qaçqın kimi qalsaydılar əlbəttə ki, biz onu əsaslandıra bilərdik, onların geri qaytarılmasının təmin olunmasına çalışardıq. Yəni onlar Azərbaycan vətəndaşlığını aldıqda artıq qaçqın statusu itirilir”, - deyə hüquqşünas qeyd etdi.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən