AXC dövründə ərazi-sərhəd məsələlərinin həllinə qısa baxış

 12:44 02.06.2022     494

Bu gün Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası, iki ölkə arasında ərazi-sərhəd mübahisələrinin həlli diqqət mərkəzindədir. Gələcək münasibətlərin qurulmasında mühüm rol oynayacağını nəzərə alaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu məsələlərə necə yanaşıldığını, tarixi təcrübənin nədən ibarət olduğunu təfərrüata varmadan, tezis şəklində bir daha xatırlatmaq istədim. Qeyd edək ki, AXC dövründə ərazi-sərhəd məsələlərinin həlli sahəsində Azərbaycan hökumətinin fəaliyyətini əks etdirən kifayət qədər arxiv sənədləri və materiallar mövcuddur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər Rusiya imperiyasının tərkibində muxtariyyət hüquqları belə tanınmayan, ölkənin milli ucqarları sayı­lan bölgələr, Azərbaycan, Gürcüstan və Er­mənistanın sərhədləri hüquqi, siyasi baxım­dan qeyri-müəyyən idi. Cənubi Qafqazın hər üç xalqı üçün həyati əhəmiyyət kəsb edən bu məsələdə ilk əlverişli şans 1918-ci ilin fevra­lında Zaqafqaziya Seyminin təşkili ilə yarandı. Rusiya Müəssislər Məclisini tanı­maq­dan imtina edən Cənubi Qafqazdan olan deputat­ların Tiflisdə yaratdıqları bu qurum ümumən regionda yeni müs­təqil dövlətlərin təmə­linin qoyulması yolunda ilk uğurlu təşəbbüslərdən biri olmaqla, Seymi yaradanlar arasında ərazi-sərhəd məsələlərinin həlli istiqamətində konkret fəaliyyətin başlanması baxımından da diqqətəlayiqdir.

Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərinin müəyyən­ləş­diril­məsi məsələsinin Seym daxilində həlli üçün bütün fraksiyalarının iştirakı ilə 1918-ci ilin mart ayında Osmanlı (Türkiyə) tərəfi ilə Trabzon danışıqları başlanmışdı. Bağlanacaq sülh müqaviləsinin Türkiyə ilə 1914-cü il sərhədlərinin bərpa edilməsinə əsaslanması razılığına gəlinməsi gözlənilirdi. Ancaq qarşılıqlı iddialar səbəbindən danışıqlar nəticəsiz bitdi.

1918-ci il mayın 11-də ərazi-sərhəd problemlərinin həlli məsələsinin müza­kirəsi məqsədi ilə Batum konfransı öz işinə başladı. Konfransın davam etdiyi günlərdə erməni-gürcü birləşmələri ilə döyüşlərdə qan axıdılması ilə əlaqədar Türkiyə tərəfi Brest-Litva sazişində nəzərdə tutulandan əlavə ərazilərin – Tiflis quberniyasının Ahalsix, Ahalkələk rayonları, Aleksandropol və Eçmiədzin bir həssəsinin ona ve­ril­məsini, dünya müharibəsi qurtaranadək Transqafqaz dəmiryolun­dan istifadə hüququ tələb edirdi. Konfrans işini Seymin dağılmasından, Cənubi Qafqazda yeni cümhuriyyətlərinin yaradılmasından sonra iyun ayının 4-də başa çatdırdı. Azərbaycan, Gürcüstan və Ermənistan arasında ərazi-sərhəd məsələlərinin çözülməsi mümkün olmasa da, hər üç respublikanın Türkiyə tərəfi ilə ayrılıqda sülh müqaviləsi bağlaması, bu sənədlərdə sərhədlərin keçdiyi ərazilərin təsbit edilməsi, xəritələrdə əksini tapması müsbət hal idi.

Belə ki, Cənubi Qafqaz respublikaları ilə Osmanlı imperator­luğu arasında sərhədlərin müəyyən­ləş­diril­məsi haqqında məsələnin ilk dəfə rəsmi surət­də əksini tapdığı müqavilələr imzalandı. “Osmanlı imperator­luğu höküməti ilə Azərbaycan Cumhuriyyəti arasında dostluq müqavi­ləsi” (1918-ci il 4 iyun) Azərbaycan üçün sərhədlərin müəyyən edilməsi məsələsinə ay­dınlıq gətiril­mə­si baxımın­dan bu gün də xüsusi əhəmiyət kəsb edir. Çünki həmin sənəddə Azərbaycan-Türkiyə sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar həm Gürcüstan, həm də Ermənistanla bu sərhədlərin qovuşma əraziləri dəqiq göstərilmişdir. Başqa sözlə, bu müqavilədə Azərbaycanın sonrakı illərdə tarixi şəraitlə bağlı zorla, ya siyasi məqsədlərlə guya könüllü surətdə qonşu dövlətlərə verilməklə itirilən, yaxud qonşular tərəfindən mübahisəli hesab olunan əraziləri qeyd edilib. Ermənistanla imzalanmış müqa­viləyə görə, Ermənistan Transqafqazda 9,8 min kvadratkilometr (təqribən 10 min) əra­ziyə malik dövlət idi. Ermənistan tərəfindən müqaviləni O.Kaçaznuni, A.Xatisyan və M.Papacanov imzalamışdılar. 14 maddədən ibarət müqaviləyə əsasən, Ermənistan Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul etdi. Eçmiədzin və Aleksandropol (Gümrü) Türkiyəyə keçir, Türkiyə Aleksandropol-Culfa dəmir yolundan istifadə etmək hüququ alırdı. Ermənistanın sərhədi İrəvan yaxınlığından keçirdi. Onun ixtiyarında cəmi 6 km-lik dəmir yolu qalmışdı. Batum müqaviləsinə görə, Ermənistan və Gürcüstan hökumətləri öz ərazilərində yaşayan müsəlman əhalisinin təhlükəsizliyini, azad inkişafını təmin etmək, ana dilində təhsil almaq, dini ayinlərin sərbəst icrasına şərait yaratmaq haqqında təəhhüd götürürdülər. 1918 il 4 iyun tarixli müqavilələrə əlavə sazişlər də imzalanmışdı.

1920-ci ilə qədər Ermənistanın 9,8 min kv.km. ərazisi 2 dəfədən çox, sovet hakimiyyətinin ilk iki ilində isə təqribən 2,8 dəfəyə yaxın artmışdı. Bu ərazilərin cüzi istisnalarla, demək olar ki, hamısı Azərbaycanın əzəli, tarixi torpaqları idi.

Azərbaycan Respublikası adından Milli Şu­ra­nın sədri M.Ə.Rəsul­zadənin və xa­ri­ci işlər naziri M.H.Hacınskinin imzaladıqları müqa­­vilənin 3-cü maddəsinə əsasən bu üç respublika öz aralarında döv­lət sərhədlərini müəyyən edə­rək protokol­laş­­dırmalı və Osmanlı imperatorluğu hökü­mətinə müvafiq qaydada məlumat verməli idi. 4-cü maddədə isə Osmanlı höku­məti Azərbay­can  hökumətinə qayda-qanun və ölkənin təh­lük­ə­siz­li­yi­nin tə­min olunmasına ehtiyac duyulduğu təqdirdə, hərbi qüv­və ilə kömək et­məyi öh­də­sinə götürdüyü bildirilirdi. Müqavilənin 5-ci maddəsində gələcəkdə yaradılacaq sər­həd mühafizə qüvvələrinin də başlıca vəzifələrindən olacaq, o dövrdə mühüm əhə­miy­yət kəsb edən bir məsələyə toxunulurdu: “Azərbaycan Respublikası höku­məti həmin ərazilərin hüdudlarında si­lah­lı quldur dəstələrinin təş­kilinə ciddi-cəhdlə mane olmağı və bu ərazidə sığınacaq tapmış quldur dəstələrini tərksilah edib, zərərsizləş­dir­məyi öz öhdəsinə götürür”.

Həmin illərdə dövlət sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar Cənubi Qafqaz respublikaları özlərinə nisbətən yaxın bildikləri, nüfuzlu, bölgədəki problemləri həll etməyə iqtidarı çatan bir neçə dövlətə öz layihələrini təqdim etmişdilər. Azərbaycan nümayən­də­lərinin ərazi-sərhəd məsələləri ilə bağlı Türkiyə və Almaniya tə­rəfinə təqdim etdikləri layihədə Azərbaycana daxil edilən əra­­zilər aşağıdakı kimi göstərilmişdi: bütün Bakı vi­la­yəti (Bakı şəhəri da­xil olmaqla Bakı qəzası, Cavad, Göyçay, Şa­maxı, Quba, Lənkəran qə­zaları), Gəncə vilayəti (Gəncə, Qazax, Cə­van­şir, Şəki, Ərəş, Qa­ra­bağ, Cəbrayıl, Zəngəzur qəzaları), İrəvan vi­la­yəti (Naxçıvan, Şə­rur-Dərələyəz, Yeni Bəyazid qəzaları), Tiflis vilayəti (Borçalı, Sığ­naq qəzaları və Tiflis qəzasının bir hissəsi), Zaqatala sancağı. Bu layihəyə görə Borçalı vasitəsi ilə Azərbay­can­la Türkiyə arasında dəhliz açılmalı idi.

Azərbaycan sərhəd­ləri­nin müəyyənləş­diril­­məsi üçün hazırlanmış həmin layihə­lərin birinə əsasən Azərbaycan ərazisi 840.000 verst və ya 96.502 km2 mübahi­səsiz əraziyə malik idi. Paris sülh kon­fran­sın­­ın ka­tib­liyinə təq­dim edlmiş 50 səhifəlik “Qafqaz Azərbaycanı Respub­li­ka­sı­nın nümayən­də­li­yinin Paris sülh konfransına memorandumu”nda hökumətin nəzarəti altında olan mübahisəsiz ərazinin 837.866 kv. verst, yaxud 94.137,38 kv. k­m. olduğu göstərilirdi.

Həmin illərdə dərc olunmuş Ünvan - təqvimdə isə Azərbaycanın mübahisəsiz ərazisi 853.489 kv. verst /97 297,67 km2/, mü­­ba­hi­sə­li ərazilərlə birlikdə 999.088,7 kv. verstə, 113,895, 97 kvadratkilometrə bərabər idi.

Əslində 114,000 km2-dən də artıq sahəyə malik olan Azərbaycannın ərazisinin hər üç halda möv­cud olduğundan az göstərilməsi Azər­bay­ca­n hökumətinin qonşularla normal münasibətlərin qurulmasına necə yüksək qiymət verməsinin göstəricisi hesab etmək olardı.

Cənubi Qafqaz respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsi sahə­sində Azərbaycan tərəfindən ilk addım 1918-ci il iyunun 26-da Zaqatala dairə­si Milli Şurası bölgənin Azərbaycana birləşməsi haqqında yekdil­liklə qərar qəbul etməsi ilə atıldı. İyunun 30-da isə AXC höküməti özünün müva­fiq qərarı ilə Zaqatala dairə­sinin Azərbaycanın tərkibinə daxil edilməsini rəsmiləşdirdi.

1918-ci il avqustun 21-də Gürcüstan höküməti Azərbaycan və Gür­cüstan arasında mü­bahisəli sərhəd məsələlərini həll etmək üçün arbitraj komissiyanın yaradılması haqqında qərar qəbul etdi və av­qustyn 31-də bu barədə Azərbaycan tərəfinə məlumat verildi. Xü­­­susi komissiyada ərazi və onunla bağlı digər məsələləri həll edəcək kon­fran­­sın keçirilməsi erməni nümayəndələrinin gəlməməsi səbəbindən mümkün olmadı. Hələ iyun ayından irəli sürülən Zaqafqaziya konfransı ideyasının həyata keçirilməsinə 1918-ci ilin oktyabr ayında yenidən cəhdlər göstərildi. Konfransın gündəliyinə Gürcüstan höküməti 4 məsələ irəli sürürdü. Konfransda iştirak edən dövlətlərin qarşılıqlı surətdə bir-birini tanıması, bütün müba­hisəli məsələ­lərin, o cümlədən sərhədlər haqqında mübahisələrin həl­li bu təkliflərin əsasını təşkil edirdi. Er­mənilərin günahı ucbatından konfransın vaxtı 3 dəfə dəyiş­diril­di. Noyabrın 14-də ermənilərsiz açılan konfrans da­ha 2 dəfə təxirə salındı.

1918-ci ilin dekabrında qısamüddətli erməni-gürcü münaqişəsin­dən sonra Azərbaycan-Gürcüstan müna­si­bətləri yenidən ön plana keçməyə başladı. Əzəli Azərbaycan torpaqları olan Borçalını er­mə­ni­lərlə paylaşdıran Gürcüstan tərəfi Azərbaycanın Zaqatala dairə­si­nə dair bir neçə iddia ilə çıxış etdi. Bu niyyətlərini reallaşdırmağa ça­lı­şan gürcülər həmçinin bu dairəyə aid iş və sənədlərin veril­məsin­dən imtina edirdilər. Doğrudur, həmin dövrədək və sonrakı vaxtlarda da gürcülərin də əsas ərazi mübahi­sə­ləri ermənilərlə bağlı idi.

1919-cu ilin martında Parlamentdə 4-cü hökümətin proqramı ilə çıxış edən yeni Baş Nazir N.Yusifbəyli bəyan edirdi ki, xarici siyasət sahəsində əsas vəzifə böyük dövlətlərin Azərbaycanın suverenliyini tanımaqlarına nail olmaq, ölkənin ərazi bütövlüyünü təmin etmək, qonşu dövlətlərlə mehriban, xoş münasibətlər saxlamaq­dan ibarət olacaqdır. Göründüyü kimi, hökumətin qarşısında duran əsas məsələlə­lərdən biri sərhədlərin müəyyənləşdirilməsi və təsdiq edilməsindən ibarət olacaqdı.

1919-cu ilin əvvəllərində nəzərdə tutulan Qafqaz konfran­sının çağırılması yalnız həmin il aprelin son­ların­da reallaşdı. Ermənilər 1919-cu il may ayının 28-də Türkiyənin 7 vilayətinin (Van, Bitlis, Diyarbəkir (cə­nu­­bunu çıxmaqla), Xarpurt, Sebastiya (qərb hissəsini çıxmaqla), Karin və Trabzon, Kilikya adlandırdıqları ərazinin isə guya 4 san­cağı (Maraş, Sis, Cebel-Be­rket, Aleksandretto ilə birlikdə Adana) Ermənis­ta­na ilhaq olunması və vahid Ermənistan yaradılması barədə akt qəbul edib kon­fransdakı nümayəndələrinə göndərmişdilər. Paris sülh konfransında erməni nüma­yən­də heyə­tinin başçısı A.Ağaronyanın dediyi kimi, bununla onlar “bütün er­mə­ni xalqının, birləşmiş Ermənistanın marağını ifadə etdiklərinə”, ölkələrini “dənizdən-dənizə” çıxaracaq­larına ümid edirdilər.

Ermənilərə görə, “Tür­ki­yə Ermə­nistan”ı adlandırdıqları ərazinin 7 vilayəti ilə yanaşı, Qafqaz Er­mə­nistanının bütün əra­zisi, bütün İrəvan quberniyası, keçmiş Tiflis və Yelizavetpol (Gəncə) quber­niya­ları­nın cənub his­sələri, Qars və Ər­dəhan onlara məxsus olmalı idi. Beləlik­lə, Qara dənizdən Aralıq də­nizinə, Azərbaycanın «Qarabağ dağlarından tutmuş Ərə­bis­ta­nın sərha­la­rı­nadək” olan ərazilərin alınması planlaşdırılmış və ermə­ni­lər tərəfindən böyük müttəfiq dövlətlərdən tələb edilmişdi.

Qafqazda olan ABŞ missiyasının vasitəçiliyi ilə Tiflisdə 1919-cu ilin 23 noyab­rın­da münaqişə vəziyyətində olan Azərbaycan-Ermənistan arasın­da sazişin imzalanması, ingilislərin də əslində, bu ölkələr arasında hərbi əməliyyatların dayandırılması və razılığa gəlin­məsi təşəb­büs­ləri Cənubi Qafqazda ərazi-sərhəd mübahisələrinin öz həllini tap­masına müəyyən şərait yarada bilərdi. Ancaq bu ümidlər tezliklə puça çıxmışdı. Ameri­kanların Qafqaz­dan çıx­ma­sı və 1919-cu ilin dekabrında keçirilmiş Azər­baycan-er­mə­­ni konfransının lazımi razılaşmaların əldə edil­­məməsi səbəbindən, başlıcası erməni tərəfinin qeyri-kon­s­truk­tiv mövqe­yi ucbatından saziş pozuldu.

Ermənistan-Azərbaycan konfransının 2-ci iclası 14 dekabr 1919-cu ildə keçi­ril­miş­­dir. Konfransın gün­də­­liyinə hökumətlər arasında fikir mübadiləsi ilə razılaşdırılmış üç məsələ salına­cağı qərara alınmışdı. Birincisi - ərazi məsələsi; ikincisi – qaçqınlar haqqında məsələ; üçün­cüsü – ticarət və dəmiryolu sazişləri. Konfransda Azərbaycan Respublikası nüma­yən­də heyətinin rəh­bəri Fətəli Xan Xoyski Cənubi Qafqaz respublikalarının konfederasiyası ideyasını irəli sür­müş­dü.

Ümumiyyətlə, ermənilərin ərazi və ölkələr arasında sərhəd xəttinin müəyyən edilməsinə dair iddialarına görə, Azərbaycanla Ermənistan arasında sərhəd xətti Gən­cə yaxınlı­ğın­dan keçərək Kür çayı boyunca uzanır, sonra isə Qarabağı ağuşuna alaraq Zəngəzur və Cəbrayıl qəzalarının inzibati sərhədləri boyunca İran sərhəd­lə­rinə qovuşurdu. Belə olduğu halda bütün İrəvan quberniyası və Gəncə quberniya­sı­nın əksər torpaqları ermənilərə verilməli idi. Ermənilərin gürcülərə qarşı olan, Tiflis quberniyasının bir hissəsinin və digər ərazilərin onlara məxsusluğu ba­rə­də iddiaları Gürcüstanı da bu qarşıdurmaya cəlb etmişdi.

Sovet dövründə Azərbaycanın tarixi ərazilərinin bədxah qon­­şuların ərazi­ləri kimi göstərilməsi cəhdlərinə baxmayaraq, bəzi kənar mənbələrdə Azərbay­canın Ermənistanla mübahisəli sərhədləri barədə obyektiv məlumatlar da əksini tapmışdır. Rusiya ordusu­nun Mərkəzi dövlət arxivində Azərbaycan-Ermənistan sərhədlərini əks etdirən belə dəyərli sənədlərdən biri “Azərbaycan Sovet So­sia­lis­t Respublikasının mübahisəsiz ərazisinin Ermənistanla sər­həd­dinin təs­­viri”dir. Həmin sənəddən: “Azərbaycanla Ermənistanın sərhəddi Sürməli qə­zasından Araz çayınadək olan əvvəlki inzibati sərhəddən keçir: Ağa­m­zalı, Baş-Gərni və İmirzin kəndlərindən, daha sonra Yeni-Bəyazit və Şərur-Dərələyəz qəzalarından keçərək Göyçə gölündən elə dö­nür ki, Gözəl-Dərə kəndi Ermənistana, Daşkənd və Basarkeçər kənd­ləri Azərbaycana keçir. Sərhəd Göyçə gölünü yarıdan bö­lür, son­radan Gən­cə və İrəvan quberniyalarından elə keçir ki, Çubuğlu kən­di Ermə­nistana, Göyçə gölünün qalan şərq sahili isə Azər­baycana qalır. Bu bölgü əsasında Azərbaycan ərazisinə Gəncə qu­berniyası və Sürmə­li, Naxçıvan, Şərur-Dərələyəz, İrəvan quber­niyaları­nın bütün qəza­ları, eləcə də Kəmərli, Böyük-Vedi və Dəvəli kəndləri ilə birlikdə İrəvan quberniyasının qəzaları, Yeni-Bəyazitin şərq hissəsi daxildir”.

Azərbaycan və Ermə­nistan cümhuriyyətlərin mövcudluğu dövründə ərazi-sərhəd məsələlərinin çözülməsi səyləri sonadək davam etdirildi, ancaq həllini tap­madığı üçün hər iki respublikanın sərhəd­lərinin müda­fiəsi üçün müvafiq tədbirlərin görülməsinə əngəllər törətməklə, bolşevik işğa­lına yol açan səbəblərdən birinə çevrildi.

Azərbaycan Xalq Cümhuriyyətinin Cənub sərhədlərinə gəlincə, bu sərhədlər 1828-ci il «Türk­mən­çay» sülh müqaviləsində müəyyən edilmiş xətt boyunca uzanırdı və müstəqil dövlətin qurulmasından sonra da bu sərhədlər əsasən dəyişilməz qalmışdı. İran tərəfi ilə sərhədlərin mühafizəsi məsələləri də daxil olmaqla müna­si­bət­lərin niza­mlanması sahəsində danışıqlara gəlincə, 1919-cu il noyabr ayının 1-də Parisdə 4 maddədən ibarət İran-Azərbaycan İttifaqı haqqında saziş hazırlanmışdı. Həmin sazişə görə, Rusiyada hansı dövlət forması və qu­ruluşa ma­lik olmasından asılı olmayaraq, Qafqaz Azərbaycanı Azərbaycan nüma­yəndəliyinin Sülh konfransına təqdim etdiyi tələblər­də və xəritələrdə göstərilən sərhədlərdə qəti surətdə birdəfəlik Rusiyadan ayrılırdı. Ora­da həmçinin Azərbaycan özünün müstəqilliyinin tanın­masın­da, hər cür qəsdən qorunmasında, təhlükəsizliyinin təmin olunmasında, siyasi, iqtisadi və mədəni inkişa­fında, hərbi gücündə İra­nın etdiyi kö­mək şəklində, İngil­tərənin də həqiqi köməyinə eh­ti­yac duyduğu göstərilirdi. Azər­baycan tərəfi bununla İngiltərənin müda­fiəsinə nail olmağa can atırdı.

1919-cu ilin ikinci yarısına qədər Lən­kəran qəzası və Muğanın bir hissəsi tamamilə müstəqil Azərbaycan hakimiyyətinin tabeliyinə keçmə­mişdi. Bu ərazilərdə qondarma Muğan Respublikası yaradılmışdı. Həm bu separatçı qüvvə, həm də dövlətə müqavimət göstərən digər silahlı dəstələr mövcud idi. Həmin qüv­vələrin qəti surətdə məğlub edilməsi yalnız Hərbi Nazirliyin bir­ləş­mələri tərəfindən həyata keçirilən 1919-cu ilin uğurlu avqust hərbi əməliy­ya­tın­dan sonra mümkün oldu.

1920-ci il mart ayının 20-də İran tərəfi ilə bağlanmış dostluq haqqında müqavilə ilə isə Azər­­baycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-yure tanıdığını təntənəli surətdə elan edən İran dövləti ikitərəfli mü­na­sibətlərin inkişafı, o cümlədən sərhədlərin təh­lü­kə­siz­li­yinin tə­mi­na­tında maraqlı olduğunu göstərmişdi.

Xalq Cümhuriyyətinin qurucuları, xüsusən Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski Azərbaycanın tarixi ərazilərini bərpa etməsini, qonşu dövlətlərin özününküləşdirməyə çalışdığı torpaqların Azərbaycandan ayrılmasına imkan verilməməsini qətiyyətlə irəli sürür və buna danışıqlar vasitəsilə nail olunmasını təklif edirdilər. Həmçinin sərhədlərlə bağlı hazırlanan və digər tərəfə təqdim edilməsi nəərdə tutulan layi­hə­lərdə Azərbaycanın hüdudları için­də qalan qəza və san­caqların bir-bir sayılmasını, dəqiq göstərilməsini zəruri hesab edirdilər. Azərbaycan Parlamentinin 2-ci iclasında (1918-ci il 10 dekabr) çıxış edən M.Ə.Rəsulzadə İrəvanla yanaşı, Tiflis quberniyasının bir hissəsinin də Azərbaycana məx­­sus ol­du­ğunu qeyd edir, Borçalının türk və müsəlmanlarla məskunlaşmış his­sə­­si­nin Azərbaycandan ayrılmayacaq bir bütövü təşkil etdiyini, eyni zamanda, Zən­gəzur, Qara­bağ uyezdinin yenə Azərbaycanın tərkib hissəsi kimi ondan ayrılmasının müm­künsüzlüyünü bildirirdi. Onun qeyd etdiyi kimi, Azərbaycan bu mübahisəli mə­sə­lələri daim demokratik mövqedən, qılınc ilə deyil, sülh ilə həll olunmasını hər za­man istəmiş, indi də istəyirdi. Arzu edirdi ki, Gür­cüstan və Ermənistan hö­ku­mətləri öz aralarındakı ixtilaflı məsələləri məhz sülh və müsalimət ilə həll etsinlər.

Parlamentin 20 dekabr 1918-ci ildə keçirilən dördüncü iclasında Fətəli xan Xoyski deyirdi: “İkinci dəfə biz Gürcüstandakı səfərimiz vasitəsilə yenə təşəbbüsatda bulunduq. Səfirimiz gürcülər ilə bahəm layihə hazırladı ki, Tiflisdə beynəlmiləl Zaqafqaziya konfransı çağırılsın. Sizə məlum olsun ki, bu konfransın çağırılmasını biz özümüz təklif etmişdik. Konfransın layihəsi hazırlandı, təşrini saninin 10-na təyin edildi. Sonra 17-sinə, 20-nə, 30-na olmaq üzrə dörd dəfə təxir edildi. Fəqət bununla bərabər konfransa gəlmədilər. Hökümət belə işləri təklif edib, bu xüsusda yazar, xəbər verər, daha gedib özgə hökumətlərin qolundan tutub gətirə bilməzdi”.

1919-cu ilin mayında Denikin könüllülərinin Dağıstana hücum edərək Mahaçqala və Dərbəndi tutmaları, Azərbaycanın şimal sərhəd­lə­rini təhdid etmələri də hökumətdən daha sayıq ol­ma­ğı tələb edirdi. Təəssüf ki, bir qədər sonra Bakı rayonundakı müttəfiq qoşunları komadanlığı da Azər­­baycanın müdafiəsi üçün zəruri olan Xəzər donanmasını Azərbaycana deyil, ge­ne­ral Denikinə verməyi daha məqsədəuyğun hesab etmişdi. Lakin Azərbaycan hökumətinin ciddi səyləri nəticəsində donanmanın müəyyən hissəsinin Azərbaycana verilməsi məsələsi həllini tapmışdı. 1919-cu ilin yayında ingilislərin Bakını tərk edərkən şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostan­siyalarını, hərbi gə­milərin və hərbi sursatın bir hissəsini Azərbaycan hökumətinin sərəncamına təhvil ver­məsi bu sahədə vəziyyətin müsbət istiqamətdə dəyişməsinə şərait yaratmışdı. Həmin gəmilə­rin əsasında Azərbaycanın Xəzər donanmasını yaratmaq mümkün olmuşdu. Rusiya tərəfinin bütün etiraz və açıq-gizli hədə­lə­ri­nə baxmayaraq, artıq 1919-cu ilin sonunda bir neçə hərbi gəmi və sualtı qayıq Xəzər dənizində dövlət sərhədlərini qoruyurdu. Bu, ayrıca bir məqalənin mövzusu olduğundan ona toxunmuruq. Ancaq bolşeviklər tərə­fin­dən sürətlə cənuba sıxışdırılan Denikin 1920-ci il fevralın 7-də Azərbaycanı rəsmi olaraq tanıdığını elan etdi.

Cənubi Qafqaz respublikalarının müstəqilliyinə olan ciddi təhlükə, o cümlədən Denikin təhlükəsi ilə əlaqədar 1919-cu il iyunun 16-da Azər­baycanla Gürcüstan arasında üç il müd­də­tinə saziş bağlanmışdı. Həmin sazişiin 4-cü maddəsində sərhəd məsələləri də əksini tapmış­dı: “Razılığa gələn tərəflər onlar arasında meydana çıxa biləcək sərhədlər haqqında mübahisələri saziş və ya arbitraj yolu ilə həll etməyi öhdələrinə götürürlər”.

Ərazi-sərhəd mübahisələrinin həllini sürətləndirmək və Cənubi Qafqazın yeni müstəqil dövlətləri arasında əlaqələri ge­niş­ləndirmək məqsədilə Böyük Britaniya nümayəndəliyinin müraciəti ilə əlaqədar 1920-ci il martın 5-də Azərbaycan höku­mə­tinə gön­dər­diyi məktubda nümayəndə Uordrop hər üç respublikanın siyasi və iqti­sa­di xarakterli münasibətlərə girəcəklərinə öz höku­məti­nin ümidlərini ifadə et­miş­di. O bildirirdi ki, London və qar­şıdakı San-Remo konfransında bu ölkələrin sərhəd­ləri məsələsinin müzakirəsi nəzərdə tutulduğu üçün Azər­baycan hökuməti tarixi-etnoqrafik dəlillərlə əsaslandırılmış ərazi tə­ləb­lərinə dair ingilis nümayən­dəli­yi­nə xüsusi məruzə təqdim etsin və Qafqaz respublikalarının ən qısa vaxtda öz ara­la­rın­da bir çox müba­hisələri həll etmək üçün danışıq­lara başlaması məqsədəuy­ğdur. An­­caq erməni tərəfinin yerlərdə sərhədlər məsələsini həll etmək müm­kün olma­dı­ğın­dan bu məsə­lənin Avropada müttəfiqlərin köməyilə həll edilməsi barədə əssasız id­diaları nəti­cəsində London konf­ran­­sında həmin dövrdə Cənubi Qaf­qazdakı status-kvo təsdiq olun­madı. Çünki bu təkliflə Azərbaycan və gürcü tərəfi razılaşmamış­dı. Gürcülər hər üç respublikanın arbitraj komissiyası yaradıb sərhəd­lər məsələsini həll etməsi, yalnız bu müsbət nəticə vermədiyi hal­da mə­sələnin Avropaya keçirilməsini təklif etmişdilər.

Lətif Şüküroğlu,

tarix üzrə fəlsəfə doktoru

Vumart və Güvən reklamı Vumart Güvən