Türk dünyası hər şeyin ən yaxşısına layiqdir - Qənirə Paşayeva

 13:37 04.06.2022     398

Türkiyənin Amasya Universiteti, Qaziantep Universiteti, həmçinin Qırğızıstan-Türkiyə MANAS Universitetinin koordinasiyasında qurulmuş Türk Dünyası Rəqəmsal Vətəndaşlıq Layihəsi (“Türk Dünyası Dijital Vatandaşlık” Projesi; TUDVA) çərçivəsində təşkil edilən, Türk dünyasının müxtəlif fikir adamları və alimləri ilə ictimai fəal gəncləri bir araya gətirməyi hədəfləyən “Türk Dünyası Söyləşiləri”, Zeynəb Şahinlərin aparıcılığı ilə baş tutub. İlk həftənin qonağı Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva olub.
30 may 2022-ci ildə TUDVA platformasının sosial media hesabları üzərindən canlı yayımla başlayan virtual görüşün (söhbətin) adı “Türk birliyi: Türkiyə-Azərbaycan Həmrəyliyi örnəyi” olub.
Qırğızıstan-Türkiyə MANAS Universitetinin rektoru Prof.Dr. Alparslan Ceylan açılış nitqi söylədikdən sonra, söz Qənirə Paşayevaya verilib.

Qənirə Paşayeva türk birliyi idealının mahiyyəti barədə düşüncələrini bu ideala inanan gənclərin diqqətinə çatdırıb. Türk dünyasında dil birliyinin önəminə toxunan Q.Paşayeva İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ifadəsini xatırladaraq, dildə, fikirdə bir ola bilməyənlərin işdə də birləşə bilməyəcəyini dedi.

O, ötən ilin payızında qurulmuş Türk Dövlətləri Təşkilatının xüsusi önəmini vurğulayaraq, bütün ortaq türk qurumlarının ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuza işıq saldığını bildirib.
Qənirə Paşayeva Türk dünyası mənsublarının ilk olaraq ortaq türk tariximizi öyrənmələrinin gərəkli olduğunu, özlərinə “Mən Türk dünyası üçün nə etmişəm, nə edə bilərəm, nə etməliyəm?” sualını verməli olduğunu diqqətə çatdırıb: “İstəyimiz mümkün olan ən yaxşı işi görməkdir – Türk dünyası hər şeyin ən yaxşısına layiqdir”!

Türk dünyasının birlik idealını mənimsəməkdə təlim-tərbiyənin, təhsilin, deməli, universitetlərin müstəsna yerə, rola malik olduğunu vurğulayan Qənirə Paşayeva, türk birliyinin daha böyük sürət, keyfiyyət və daha geniş miqyas qazanmasına xidmət edən qurum və quruluşların işbirliyinin faydalı olduğunu söyləyib.

Q.Paşayeva 44 günlük Azərbaycan Vətən müharibəsində Türkiyə dövlətinin və xalqının Azərbaycana verdiyi yüksək mənəvi, siyasi-diplomatik və informasiya dəstəyinin müstəsna önəmini qeyd edib. O, Azərbaycanın tarixi zəfərinin bütün türk ölkələri üçün önəm daşıdığını, Zəngəzur dəhlizinin işə düşməsi ilə bu önəmliliyin praktik iqtisadi müstəvi üzərində də inkas edəcəyini söyləyib.

Türkiyə-Azərbaycan birliyinin 44 günlük müharibəyəqədərki tarixi zirvə hadisələrini – Çanaqqala savaşlarında Azərbaycanlıların könüllü olaraq döyüşdüyünü, 1918-ci ildə Türk-İslam Qafqaz Ordusunun Azərbaycandakı qurtarıcılıq hərəkatı və b. hadisələri xatırladan Qənirə Paşayeva, qardaş ölkələrin birliyinin bundan sonra da qürur qaynağımız, yolrəhbərimiz olacağını bildirib.