Komitə sədri türkoloq alimi təbrik etdi - FOTO

 15:38 06.06.2022     706

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva görkəmli türkoloq, filologioya elmləri doktoru, professor Firudin Ağasıoğlu ilə görüşüb.

Redaktor.az xəbər verir ki, komitə sədri professoru 75 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Siz bir filoloq, türkoloq olaraq, pedaqoji fəaliyyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiz. Sizin türk dillərinin morfonologiyasına aid yazdığınız monoqrafiya Türkologiyada örnək sayılır və Azərbaycanın, Türkiyənin universitetlərində dərs vəsaiti kimi istifadə olunur.

Siz türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazmısız. Əsərlərinizin bir hissəsi xarici ölkələrdə nəşr olunub. “Azərbaycan dilinin morfonologiyası” kitabınıza Beynəlxalq Türkoloji Qurultay adından ödül verilib (1996). Sizin “Azərbaycan türklərinin islamaqədərki tarixi” mövzusundakı silsilə məqalələriniz elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilib.

Təhsil sahəsində apardığınız islahatlara görə Akademik Yusif Məmmədəliyev adına ödül almış, türkologiya sahəsindəki xidmətlərinizə görə Türk Dil Qurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmisiz. “Türk Ocaqları” isə sizə “Bilgə” sanı verib.

Siz Quzey və Güney Azərbaycan türklərinin bu torpaqlarda avtoxton xalq kimi 4-5 minillik dövlətçilik tarixi olduğunu irəli sürərək, bu elmi konsepsiyanın tərəfdarları ilə birlikdə dəfələrlə elmi seminarlar təşkil etmiş, Ankara, İstanbul, Qahirə, Paris, Vaşinqton, Nyu-York və b. şəhərlərdə bu konsepsiya haqqında məruzələr etmisiz. Həmin məruzələrin və bu sahədə yazılan məqalələrin bir qismi sizin “Azər xalqı” kitabınızda yer alıb. Türk etnosunun Mərkəzi və Orta Asiyada deyil, Azərbaycanı da içinə alan Ön Asiyada yaranıb, buradan müxtəlif istiqamətlərə miqrasiya etməsi və sonralar onlardan bir qisminin Azərbaycana qayıtması haqqında irəli sürdüyünüz yeni elmi nəzəriyyə artıq bir sıra alimlərin dəstəyini qazanıb. Sizin son 30 ildə bu sahədə apardığınız elmi tədqiqat Azərbaycan xalqının İslamaqədərki tarixinə aid “Doqquz Bitik”in əsasını təşkil edir.

Siz 90-cı illərdə Azərbaycan parlamentinin üzvü, Təhsil, elm, mədəniyyət və din məsələləri daimi komissiyasının sədri olmusuz.

Sizin yuxarıda adıkeçən kitablarınızdan başqa, ölkəmizdə və ölkə dışında gün üzü görən “Etrusk-Türk bağı”, “Daşbaba. Türkün daş yaddaşı”, “Kultlar və tapınaqlar”, “Saqalar, qamərlər və Pazırıq xalçası”, “Goroğlu necə Herakl oldu?”, “Dastanlarda Türk tarixi” və b. kitablarınız da məşhurdur.

Sizi bir daha yubileyiniz münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi adından təbrik edir, ən xoş arzularımı yetirirəm”!

Qənirə Paşayeva yubilyara təbrik məktubu və xatirə hədiyyəsi bağışlayıb.

Yubilyar komitə sədrinə səmimi görüş və təbrik üçün təşəkkür edib, öz kitablarını onunçün imzalayıb.

22