“Şiddət tətbiq edən müəllimlər işdən çıxarılmalı, diplomları əllərindən alınmalıdır”

Azərbaycanda zaman-zaman orta məktəblərdə şagirdlərin müəllimlər tərəfindən döyülməsi halları baş verib. Son olaraq mətbuata məlum olan belə bir fakt Zəngilan rayonu 35 saylı məktəbdə baş verib.
Bəs müəllim şagirdə şiddət tətbiq edə bilərmi? Bu şiddət uşaq psixologiyasında özünə necə bir yer edir?
Mövzu barədə Redaktor.az-a danışan uşaq psixoloqu Gülarə Rüstəmova öncə qeyd etdi ki, uşağın həyatında müəllimin rolu böyükdür:
“Şiddət istər valideyn tərəfindən, istərsə də müəllim tərəfindən olsun, bu insanlar uşaqların həyatında ən önəmli şəxslərdir. Yəni bu o kəslərdir ki, uşaq evdən məktəbə gedir və evdə əgər ailə üzvlərini, xüsusilə də valideynlərini təqlid edirsə, məktəbdə müəllimini təqlid edir. Yəni müəllimini örnək olaraq götürür. Yəni uşağın həyatında müəllimin rolu çox böyükdür. Təsiri də eyni zamanda böyükdür. Əgər müəllim uşağın həyatında, uşağın uğurlarında müsbət rol oynayıbsa, o zaman biz müsbət dəyişikliklər görəcəyik”.
Müsahibimiz bildirdi ki, uşaqların bağçada və ya məktəbdə gördükləri davranışlar onlara travma yaşada bilər:
“Eyni zamanda, müəllimin şagirdə şiddət tətbiq etməsi, uşağı fiziki və ya mənəvi olaraq alçaltması, bütün bunlar uşağa travma yaşadır. Yəni travmalar sadəcə olaraq ailədən gəlmir. Yaxud da nəsildən-nəsilə ötürülən travmalar var, onlar deyil. Uşaq ailədən çıxdı məktəbə, uşaq bağçasına gedir. Artıq orada uşağın qarşılaşdığı insanlara heç kim zəmanət verə bilmir ki, onlar necə insanlar olacaq. Əgər uşaq məktəbdə belə bir insanlarla qarşılaşırsa, o insanlar artıq uşağın həyatında çox böyük rol oynayır”.
Gülarə Rüstəmovanın sözlərinə görə, müəllim uşağa şiddət tətbiq edəndə onlar arasındakı bağlar qopur:
“Çünki xüsusilə də ibtidai sinif şagirdləri, ya da bağçaya gedən uşaqlar, onlar müəllimi bir örnək olaraq götürür və müəllimlə bağlanma bu səbəbdən çox önəmlidir. Əgər şagird müəllimini sevəcəksə, demək ki, onu örnək götürüb müəllimin sözünə də qulaq asacaq, müəllimin dərsini də sevəcək. Yox əgər müəllim şiddət tətbiq edirsə, döyməsə belə, əgər uşaqla kobud davranırsa, kobud danışırsa, bu, artıq uşaqda o həmin güvən hissinin itirilməsinə səbəb olacaq”.
Psixoloq qeyd etdi ki, sinifdə uşaqların sayının çox olması müəllimlərin uşaqlara qarşı kobud davranmasına səbəb deyil:
“Bu onların peşəsidir. Əgər insan peşəsini sevə-sevə yerinə yetirirsə, bilir ki, bu müəllimdir, yəni mən öyrətməyə gedirəm, mən uşaqlara özümü örnək göstərməyə gedirəm, uşaqlar öncə məni sevəcək, sonra mənim dediklərimi havada tutub öyrənəcəklər. Nəticə etibarilə o müəllim sinifdə uşağa kobud davrandığına görə güvən bağını qırır, uşaq məktəbə gəlmək istəmir. Artıq uşaq üçün önəmli olan o bağ, o güvən hissi, hansı ki, valideyn uşağını müəllimə güvənərək məktəbdə buraxır gedir, uşaq da eyni zamanda müəllimə güvənməlidir. O güvən bağları qırılır. Güvən bağı olmasa, uşaq heç bir şey öyrənə bilməyəcək”.
Gülarə Rüstəmovanın fikrincə, stress altında olan uşağın dərs oxuması mümkün deyil:
“Təsəvvür edin ki, əgər müəllim şiddət tətbiq edirsə, o uşaq sinifdə oturduğu zaman onun düşüncələri dərsdə olmayacaq. Onun fikirləri "nəyisə yanlış, səhv desəm müəllim gəlib məni vura, döyə, söyə bilər və ya başqa şagirdlərin qarşısında məni alçalda bilər" olur. Görün uşaqların beyni nə ilə dolu olur. Təbii ki, belə bir stress halında nəyisə öyrənmək mümkün deyil. Çünki stress zamanı stress hormonları artır və stress hormonları artması səbəbi ilə uşaqların beynində hisslərə cavab verən limbik sistem çalışmağa başlayırsa, yəni stress hormonları artırsa və uşaq müdafiə vəziyyətini alırsa, prefrontal korteks çalışmayacaq. Uşaq heç bir şey öyrənə bilməyəcək. Çünki stress elə bir səviyyədədir ki, tamamilə öyrənmə qabiliyyətinin, öyrənməyə cavab verən beynin hissələrini tamamilə bloklayır. Uşaq artıq nəyisə öyrənməyi, müəllimin dediklərini bacarmır".
Psixoloq qeyd etdi ki, bəzən valideynlər də məhz bu yolu seçirlər:
"Çünki onlara qarşı da məktəbdə bu şeylər tətbiq edilib. Onlar da deyir ki, bəli, mən evdə özüm başqa cür yol tapa bilmirəm övladımla, müəllim nə etməlidir? Onlar buna razılaşırlar. Valideynlər övladlarına qarşı şiddətin tətbiq edilməsini normal görürlər. Özünə güvənli olan, övladının hislərinə, duyğularına önəm verən, uşağın özgüvənini qırmayan valideyn buna qarşı çıxacaq. Hansı ki, evdə, ailədə onların münasibəti gözəl şəkildə qurulub, övlad-ana-ata münasibətlərində təhlükəsiz bağlanma düzgün formalaşıb”.
Müsahibimiz qeyd etdi ki, valideynlər də uşağa qarşı eyni şiddəti tətbiq edərsə, o zaman uşaq artıq evdə heç nə deməyəcək:
“Amma o ailələrdə ki, ailə münasibətləri bir-birlərinin hisslərini önəmsəməyən, bir-birlərinin duyğularına önəm verməyən ailə üzvləri varsa, təbii ki, belə valideynlər, xüsusilə onlar özləri bu cür böyüdülüblərsə, necə ki, deyirlər "məni də döyüblər, nə olacaq?", onlar buna çox normal baxacaq. Uşaq da bunu bilir. Çünki ailə də bunu uşağa qarşı tətbiq edir. Ona görə uşaqlar məktəbdə onlara şiddət tətbiq edilirsə, bəzən heç valideynləri ilə paylaşmırlar. Çünki bu ailədə heç kəs öz hisslərini paylaşmır. Ona görə də uşaqlar gəlib valideyninə "müəllim sinifdə şiddət tətbiq edir, məni alçaldır, mənə əl qaldırır" deməyə belə qorxur. Çünki bu ailədə bu, normaldır. Təbii ki, bu uşaqlarda özgüvən olmur. Çünki ailə ilə münasibətlər yaxşı qurulmur. Çünki onlar qopuq olur. Bir-birinə uymayan, anlamayan, hisslərinə önəm verməyən ailə üzvləridir”.
Gülarə Rüstəmovanın sözlərinə görə, müəllimin savadı olduğu kimi əxlaqı da olmalıdır:
“Mən düşünürəm ki, şiddət tətbiq edən müəllimlər işdən çıxarılmalıdır. Müəllimlik diplomları əllərindən alınmalıdır. Çünki heç bir müəllimin buna haqqı yoxdur. Savadlı müəllim əxlaqlı müəllimdir. Əxlaq və savad bir-biri ilə əlaqəlidir. Bəzən rastlaşırıq savadlı ola bilir, əxlaq orada yoxdur. Nəticə etibarilə bir qisim yoxdursa, müəllimin davranışlarından heç bir örnək götürülməyəcək. Əksinə ömür boyu bu müəllimin onun həyatında necə mənfi rol oynadığını uşaq danışacaq.
Şiddət tətbiq edən ailələrdə uşaqlar travma içərisində böyüyür. Söhbət münasibətlərdən gedir. Əgər ailə münasibətləri yaxşı qurulursa, uşaq mütləq gəlib ailədə bunu danışacaq. Deyəcək ki, ana, ata, mənə qarşı bu cür rəftar olunur. Amma yox əgər ailədə münasibətlər yaxşı deyilsə, uşaq bu haqda danışmayacaq. Çünki qorxacaq ki, valideynlərim mənə inanmırlar, mən də onlara desəm ki, müəllim məni döyüb, deyəcək iki, deməli nəsə etmisən ki, səni döyüb, demək müəllim haqlıdır ki, səni döyüb. Yenə də valideynlər də uşağı alçaldacaq və uşaq buna görə bunu ailə üzvləri ilə paylaşmayacaq. Bu uşaqlar üçün travmatik bir yasamdır”.
Psixoloq sonda bildirdi ki, uşaqlar yalnız müsbət hisslər altında dərs öyrənə bilər:
“Ona görə uşaqların oxumağa marağı olmur, oxusalar belə qorxa-qorxa oxuyurlar. Təsəvvür edin, davamlı bu stress altında oxumaq uşaq üçün necə bir zülmdür. Uşaq heç bir şey öyrənmir, hər şey əzbər səviyyəsində olur. Amma həqiqətən də öyrənmək dediyimiz yoxdur. Uşaq bir şeyləri öyrənmir, sadəcə əzbərləyir. Bir zaman bu şeylər hamısı unudulacaq. Çünki öyrənmək maraqla, maraq hissi ilə bağlıdır. Öyrənmək gözəl, pozitiv duyğularla bağlıdır. Ən yadda qalan şeylər müsbət emosiyalar ilə bağlıdır. Əgər uşaq o müsbət emosiyalar ilə nəsə öyrənibsə, sevə-sevə öyrənibsə, o onun yadında daha yaxşı qalacaq. Ona görə sevgi, sevinc, öyrənmək, maraq hissi bir-birilə əlaqəlidir. Biri olmadan o birinə keçmək çox çətindir. Həqiqətən də gözəl biliklər gözəl hisslərlə bağlıdır. Bu hissləri verən uşaqları sevən müəllimlər olmalıdır".
Zərif Ülviqızı