Bakıdakı qanunsuz parkinqə görə vəzifəli şəxs cərimələndi

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Redaktor.az-ın məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
O qeyd edib ki, Agentlik həmin ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərtilə rəy verib:
"Agentliyin verdiyi ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib".
Qeyd edək ki, sözügedən ərazidə ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən açqlamaya görə, qanunsuz parklanma Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.
T.İSMAYIL