Bu imtahanların nəticələri AÇIQLANDI

 19:36 07.06.2022     399

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün mayın 29-da keçirilmiş imtahanın II mərhələsinin nəticələri açıqlanıb.

Redaktor.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 498 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən 328 nəfər müvafiq sertifikat əldə edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 15-i 2 balla, açıq tipli tapşırıqların hər biri 10 balla qiymətləndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 8, 9, 10, 13 və 14 iyunda saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında ərizə dolduraraq qeydiyyatdan keçməlidirlər.

Müvafiq sertifikatlar hazır olandan sonra bu barədə məlumat veriləcək.