Ekspert hökumətə müraciət etdi: "Laçın və Kəlbəcərdəki bu problem təcili surətdə həll edilməlidir"

 11:16 08.06.2022     1543

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Laçına və Kəlbəcərə qayıdan təsərrüfat adamlarının üzləşdiyi problemi qaldırıb.

Redaktor.az-ın məlumatına görə, ekspert bildirib ki, artıq həmin rayonlara yüzlərələ təsərrüfat adamı qayıdıb və bu proses davam etməkdədir.

"Sözsüz ki, onların əksəriyyətinin yük və minik avtomobilləri var. Laçın və Kəlbəcərdə isə hazırda avtomobil yanacağının pərakəndə satışını həyata keçirən heç bir məntəqə (YDM) yoxdur. İnsanlarımız xeyli əziyyət çəkirlər. Orada inşaat və quruculuq işləri ilə məşğul olan şirkətlər öz texnikaları üçün yanacaq gətirirlər və təbii ki, onu satmırlar. Ordumuz da mülki insanları yanacaqla təmin edə bilməz.

Ona görə də təcili surətdə bu problem həll edilməlidir. Hələlik ən azından əsas təhlükəsizlik qaydalarına riayət etməklə həmin rayonların hərəsinə 1-2 yanacaq çənli avtomobil göndərmək və dədə-baba qaydasında (hətta lazım gəlsə vedrələrlə) ehtiyacı olanlara yanacaq satışını təmin etmək lazımdır.

Bunu YDM şəbəkəsi olan istənilən şirkət bircə gündə təşkil edə bilər. Yetər ki, səlahiyyətli şəxslər belə təşəbbüsü onlara çatdırsınlar", - deyə Ərşad Hüseynov bildirib.

T.İSMAYIL