Sülhməramlılar Laçında qanunsuz yoxlamalar aparır - AÇIQLAMA

 14:49 08.06.2022     777

“Laçında rus sülhməramlılarının yaratdığı problem yurdlarımıza gedib-qayıdanlara ciddi mane olur”.

Redaktor.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov özünün feysbuk hesabında yazıb. 

"İki ay bundan əvvələ qədər sülhməramlılar sadəcə onların "müvəqqəti nəzarət zonası"ndan keçərkən bizi müşayiət edirdilər, uzaq başı kənardan maşınlarımıza baxırdılar ki, nə var, nə yoxdu.

Son vaxtlar isə maşınların hər yerinə baxmağa, yukləri bir-bir yoxlamağa, zənbillərə, bağlamalara da baxmağa başlayıblar. Bunu hər iki istiqamətdə gedəndə edirlər. Nəticədə insanlarımız xeyli vaxt itirirlər, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar və s.

Yurdlarımıza heyvandarlıq və arı təsərrüfatlarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq lap ciddi problemə çevrilib. Təsəvvür edin ki, həmin "yoxlama" səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalıb gözləyirlər. Bu səbəbdən itkilər (mal-qara və arıların tələf olması) də var", - deyə ekspert qeyd edib.

Ə.Hüseynov düşünür ki, sülhməramlıların bu yeniliyi camaatımızın yurdlara dönüşünə süni əngəl yaratmaqdır:

"Ona görə də təcili surətdə dövlət qurumlarımız bunun qarşısını almalıdırlar.

Həmin sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur və ola bilməz. Həm də insanlarımız onların "müvəqqəti məsuliyyət zonası"nı dayanmadan keçirlər.

Hər bir halda ümid edirəm ki, dövlət qurumlarımız sülhməramlıların statusunu və səlahiyyət dairəsini onlara təkrar xatırladacaqlar".

T.İSMAYIL