AMEA-dan alimlərin Şuşaya getmək adı ilə aldadılması barədə AÇIQLAMA

 11:47 10.06.2022     397

Azərbaycan Milli Elmlər Akademiyası bir qrup alimin Şuşaya getmək adı ilə aldadılması məsələsinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, AMEA-nın məlumayına görə, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, bir qrup alimə qarşı Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur. Bu barədə tarixçi alim Arif Gürşadoğlu özünün sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Əlvan Cəfərov adlı şəxs Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi aldadıb:

“Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bu, çirkin oyundur. Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün Şuşaya gedib. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər, hətta alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı?”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin faktla bağlı hazırda Yasamal rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlərin idarəyə müraciət etməsi xahiş edilir.