"Azəriqaz" yanvar-may aylarının hesabatını təqdim etdi - FOTO

 16:57 10.06.2022     489

“Bu ilin yanvar-may ayları ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin boru xətlərinə 4 milyard 207 milyon, o cümlədən, bu ilin may ayı ərzində 390 milyon kubmetr təbii qaz qəbul edilib”.

Redaktor.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib. O qeyd edib ki, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə qaz qəbulunda 329 milyon kubmetr artım olub.

Rəşad Cavadov bu ilin yanvar-may aylarında “Azəriqaz” İB-nin satdığı qaza görə ödəniş səviyyəsinin 101,02 % olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,3 % çoxdur.

Baş direktorun müavini bildirib ki, bu ilin iyunun 1-nə olan məlumata görə, “Azəriqaz” İB üzrə istehlakçıların sayı 2 milyon 465 min 415-ə çatıb: “O cümlədən, əhali sektoru üzrə 2 milyon 427 min 456 abonent, qeyri-əhali sektoru üzrə isə 37 min 959 abonent olub”.

Qaz itkiləri ilə bağlı məlumat da media nümayəndələrinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Birlik üzrə paylayıcı şəbəkədə 8.6 % azalma olub.   

Qurum rəsmisi 2022-ci ilin qazlaşma prosesi haqqında statistik məlumatı açıqlayıb. “2022-ci ildə 69 kənd və 62 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub ki, bunlardan 37 kənd və 50 yeni yaşayış massivində işlər davam edir. 1 kəndin və yeni yaşayış masssivinin qazlaşdırılması işi yekunlaşıb”, - deyə baş direktorun müavini qeyd edib.

Bundan əlavə, keçirilən görüşdə Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Azəriqaz” İstehsalat Birliyinin ildə bir dəfədən az olmayaraq noyabr ayının 1-nə qədər yaşayış mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinə keçirəcəyini qeyd edib.

Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov meşə zolağında yerləşən kəndlərin qazlaşdırılması ilə bağlı mövcud vəziyyəti açıqlayıb. Şöbə rəisi bildirib ki, bu il qazlaşdırılması nəzərdə tutulan 69 kəndin 25-i bilavasitə meşə zolağı kənarında yerləşən kəndlərdir:

“Bu kəndlərin qazlaşdırılması ekoloji tarazlığın qorunmasında xüsusi mühüm rol oynayacaq” – T.Cəfərov bildirib.

22222