“Sputnik Azərbaycan”ın rəhbərlərinə iş icazəsinin verilməməsi barədə AÇIQLAMA

 21:51 10.06.2022     1842

Dövlət Miqrasiya Xidməti “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakı Filialının əməkdaşları barədə açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr idarəsindən oxu.az-a verilən məlumata görə açıqlamada deyilir:

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının Belarus Respublikası vətəndaşları Pavel Antonov və Antonava Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq miqrasiya qanunvericiliyin tələblərinə əsasən bu icazələrin uzadılmasından imtina edilib.

Qəbul olunan inzibati qərarların surəti həmin şəxslərə təqdim edilib. Adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında isə qərar qəbul edilməyib.

Bu şəxslər Azərbaycan Respublikasına yenidən giriş edərək qeydiyyata alınmaqla ölkədə ola və qanunvericilikdə nəzərdə tutulan müvafiq əsasları olduğu təqdirdə, yenidən müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət edə bilərlər”.