Laçının Zabux kəndindəki ermənilər arasında çaxnaşma artıb

 16:33 11.06.2022     654

Laçın rayonundakı Zabux kəndində qanunsuz yaşayan ermənilər arasında çaxnaşma artıb.

Redaktor.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, buradakı bəzi ailələr çamadan əhval-ruhiyyəsindədir, əşyalarını yığaraq kəndi tərk etməyə başlayıblar.

Bir neçə gün öncə Xankəndidən “vəzifəli məmur”un kəndə gələrək, sakinləri ailələri ilə birlikdə buranı tərk etməyə razı salmaq üçün danışıq aparması barədə xəbər Zabuxa ildırım sürərtilə yayılıb.

Mülki ermənilərə bildirilib ki, tezliklə “Laçın dəhlizi”nə alternativ çəkilən yol istifadəyə veriləndən sonra Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi zonaya daxil olacaq.

“Hraparak” yazır ki, kənddəki erməni icmasının rəhbəri Andranik Çauşyan sakinlər arasındakı çaxnaşmanın qarşısını almaqda çətinlik çəkir.

Artıq kənddə 50-yə yaxın ailə qalıb.

Üçtərəfli sənədə görə, yeni yol bu il ərzində istifadəyə verilməlidir.

Verilən xəbərə görə, yaxın günlərdə Xankəndidən separatçıları təmsil edən şəxslər Zabuxa gələcək, burada yaşayanlarla vəziyyəti müzakirə edəcəklər.