Şuşada yazılan tarix - Suşa Bəyannaməsi

 14:34 13.06.2022     307

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi qiymət verdiyi, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün '"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kimi dəyərləndirdiyi Türkiyə və Azərbaycan dövlətləri arasındakı münasibətlər tarixin sınağından çıxmış, dünyada bənzəri olmayan birliyin və qardaşlığın örnəyidir.

Dost dar gündə tanınar deyiblər. Zatən Türkiyə və Azərbaycan dostluğunu sınamağa ehtiyac olmasa da, biz həmişə bir-birimizin yanında olmuşuq. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətin Türkiyə Cümhuriyyəti olması heç də təsadüfi deyildir. Ermənistan Qarabağı və onun ətrafındakı torpaqlarımızı işğal edəndə Türkiyənin işğalçı dövlətlə diplomatik əlaqələr qurmaması və onunla olan sərhəd qapılarını bağlaması bizə çox böyük mənəvi və diplomatik dəstək olmuşdur.

Qardaşlığımızın sarsılmazlığından daha bir örnək gətirərək Şuşa Bəyannaməsinə diqqəti yönəltmək istəyirəm. 2014-cü ilin 24 aprel tarixində Praqada Şərq tərəfdaşlığının 5-ci il dönümünə həsr olunmuş konfrans keçirilir. Konfransda Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə əleyhinə hədyanlar söyləyir, onu sözdə soyqırım iddiaları ilə suçlayır. Təkrar söz alan prezident İlham Əliyev əsil qardaşlıq nümunəsi sərgiləyir: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Ermənistanın cavabını mən verəcəyəm! "

Ermənistan diplomatik cəbhədə ona verilən cavablardan nəticə çıxartmadı və bu yol birliyimizin və qardaşlığımızın təntənəsi olan 44 günlük Zəfər savaşı ilə sonuclandı, Şuşada bitdi və təslim aktını imzalamaq zorunda qalan Ermənistanın cavabı birdəfəlik verildi.

Nə xoşbəxtik ki, tək millət iki dövlət olaraq bu 30 illik yolu yan-yana, çiyin-çiyinə addımladıq, şəhidlərimizə birlikdə göz yaşı axıtdıq, Zəfər müjdəsinə birlikdə sevindik.

44 günlük Zəfər savaşında bütün Türkiyə ayaq üstdə idi, Türkiyənin nəfəsini hər an hiss edirdik. Cənab Ali baş komandan İlham Əliyevlə birlikdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da ermənipərəst güclərə savaş açdı, Azərbaycanın haqq işini təkrar- təkrar dünyaya bəyan etdi.

Türkiyə mediası gecə-gündüz yanımızda oldu, Gəncənin mülki əhalisinə ermənilər tərəfindən raket terroru törədiləndə ilk xəbəri dünyaya məhz Türkiyə kanalları çatdırdı. CNN Türk kanalının müxbiri qəhrəman qızımız Fulya Öztürk isə bütün gəncəlilərin sevimlisinə çevrildi!

Ortaq tarixi köklərimizdən, qan, gen yaddaşımızdan qaynaqlanan birliyimizin siyasi ifadəsi olaraq dövlətlərimiz arasında onlarca müxtəlif xarakterli sənədlər - müqavilələr, sazişlər imzalanmışdır ki, bu sənədlərin zirvəsi, heç şübhəsiz ki, bu ilin 15 iyununda Şuşa şəhərində dövlət böyüklərimizin imzaladığı Şuşa Bəyannaməsidir!

Bölgə xalqlarının həyatında öz siyasi, tarixi, strateji əhəmiyyətinə görə Şuşa bəyannaməsi yalnız 100 il əvvəl, 13 oktyabr 1921- ci ildə 5 dövlət arasında bağlanmış Qars müqaviləsi ilə müqayisə edilə bilər! Şuşa bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin yeni strateji mərhələyə qaldırılmasını nəzərdə tutmaqla yanaşı, yeni hədəfləri də müəyyən edir, eyni zamanda Qafqaz bölgəsi xalqları arasında dinc birgəyaşayış və əməkdaşlıq perspektivlərini də özündə ehtiva edir.

Şuşa bəyannaməsi:

- Şuşa şəhərinin Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olduğunu vurğulayır;

- İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, o cümlədən Qars müqaviləsinə sadiq olduğumuzu bir daha təsdiq edir;

- bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması kontekstində Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyətinin nəzərə alınmasının vacibliyini, o cümlədən Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edir.

Şuşa bəyannaməsi bölgədə davamlı və daimi sülhün bərqərar olunmasına, bölgə dövlətləri arasında qarşılıqlı etimad mühitinin yaranmasına, iqtisadi və mədəni əməkdaşlığın artmasına xidmət edən bir çox layihələrin həyata keçməsinə möhkəm siyasi- hüquqi əsaslar yaradacaqdır.

Fikrimcə, belə layihələrin ən önəmlisi cənab Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 6-lar platforması ola bilər. Xüsusi ilə, Zəngəzur nəqliyyat kommunikasiya dəhlizinin yaradılması Regionda yerləşən bütün dövlətlərin Türkiyə və Azərbaycanla yanaşı, Rusiyanın, İranın, Gürcüstanın və bu platformaya qoşulduğu halda Ermənistanın bir- biri ilə, eləcə də dünya dövlətləri ilə turistik, logistika, iqtisadi, mədəni əməkdaşlıq imkanlarını xeyli genişləndirmiş olacaqdır.

Zəngəzur dəhlizi Bakı-Tiflis-Qars dəmir yolu xəttinə və Qədim İpək yoluna, eləcə də Fars körfəzini Fin körfəzi ilə birləşdirən Şimal-Cənub nəqliyyat koridoruna əhəmiyyətli alternativ yaratmaqla yanaşı, Türk dünyasının 100 il bundan əvvəl pozulmuş coğrafi bağlantısını da təmin etmiş olacaqdır!

Şuşa Bəyannaməsi ölkələrimiz arasında hərbi, siyasi, iqtisadi, turistik, mədəni əlaqələrimizin yeni mərhələsini müəyyən etməklə, həm də dünya dövlətlərinə, o cümlədən regionda sülhə və sabitliyə əngəl olmaq istəyən dövlətlərə sərt xəbərdarlıq bildirir:

“-Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.”

Şuşa bəyannaməsində yer almış bu müddəalar dünya güclərinə bir daha xatırladır ki, Azərbaycan tək deyildir, onun ərazi bütövlüyü məsələsi həm də qüdrətli Türkiyə dövlətinin qarantiyası altındadır. Eyni zamanda Türkiyəyə yönəlik hər hansı terror, iğtişaş çağırışları, kiber və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan həmişə qardaş Türkiyənin yanında olacaqdır!

Şuşa bəyannaməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasi sahəsində, diaspor fəaliyyəti sahəsində, parlamentlər arası əməkdaşlığın daha da yüksəldilməsi sahəsində, 1915-ci il hadisələrinin düzgün təqdim edilməsi və tarixi həqiqətlərin təhrif edilməklə siyasiləşdirilməsi cəhdlərinə qarşı mübarizə sahəsində, həmçinin müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirmək istiqamətində əməkdaşlığın artırılması məsələlərini də özündə ehtiva edir.

Heç də təsadüfi deyildir ki, "Şuşa Bəyannaməsi" həm Azərbaycanın, həm də Türkiyənin parlamentində millət vəkilləri tərəfindən yekdilliklə, ayaq üstə alqışlanaraq ratifikasiya edilmişdir!

Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bu bir il ərzində qardaşlığımız daha da möhkəmlənmiş, iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrimiz daha da genişlənmişdir. Şuşada və bütövlükdə Qarabağda, işğaldan azad olmuş torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır, birlikliyimizin və qardaşlığımızın təntənəsini dünyaya bəyan edir.

Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan və Türkiyə iş adamları birlikdə bərpa-quruculuq işləri aparırlar. Qarabağda və Şərqi Zəngəzurda yeni tarix yazılır - Türk dünyasının şərəf, şan-şöhrət tarixi. Bu tarixin möhürü isə Şuşa bəyannaməsidir.

Mən inanıram ki, Şuşa bəyannaməsində nəzərdə tutulan müddəaların hamısı zaman-zaman həyata keçəcək, icra olunacaq, bölgəmizə davamlı sülh, iş birliyi və rifah gətirəcək, Türkiyəni və Azərbaycanı uzun illər regionda əsas söz sahibi kimi tanıdacaqdır.

Ötən yüz illiyin 90-cı illərində Ulu Öndər Heydər Əliyev Türkiyədən gələn bir qrup iş adamını qəbul edərkən onlara etdiyi tövsiyəni xatırlatmaqla yazıma burada son vermək istəyirəm. Ulu öndər deyirdi: Azərbaycana tez-tez gəlin, heç bir işiniz olmasa da gəlin, bir çayımızı içib gedin. Qoy bütün dünya görsün ki, biz tək deyilik, biz bir yerdəyik. Qardaş öz qardaşı ilə güclüdür!

Musa Quliyev,

Milli Məclisin komitə sədri