Milli Qurtuluş Günü Azərbaycan tarixinə dönüş nöqtəsi kimi düşdü

 12:03 14.06.2022     501

Məlum olduğu kimi, 1988-ci ildən, 1993-cü ilin iyun ayına qədər Azərbaycanda bir-birinin ardınca baş verən hakimiyyət dəyişikliyi, vətəndaş müharibəsi təhlükəsi, erməni quldurları tərəfindən torpaqlarımızın işğalı, həmin dövrün əsil mahiyyətini göstərir. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Demokratik Respublikasının varisi kimi müsəqilliyini bəyan edən Azərbaycan, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı tarixi müstəqilliyinə qovuşmuşdu. Bu müstəqilliyi qazanmaq və elan etmək hələ başlanğıc idi. Uzun, ağrılı, çətin və şərəfli bir yolun başlanğıcı idi. Əldə olunan müstəqilliyi qoruyub saxlamaq, onu inkişaf etdirib dövləti və xalqı dünyaya tanıtmaq üçün qarşıda gərgin mübarizə dövrü başlanmışdı. SSRİ-nin dağılması , on illərlə mövcud olmuş sovet idarəçilik rejiminin süqutu, həmin dövrdə Azərbaycanda müstəqil idarəetmə qabiliyyətli rəhbərliyin olmaması, xarici havadarların köməyi ilə erməni quldurlarının torpaqlarımızı işğal etməsi, buna qarşı dura biləcək silahlı qüvvələrimizin yoxluğu, respublikamızın dünyanın ən böyük ölkələrinin maraq dairəsinə düşməsi, balanslaşdırılmış daxili və xarici siyasətin olmaması, başıpozuqluq və daxili çəkişmələr həmin mübarizənin heç də asan olmayacağını göstərirdi.

1991-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çətin, ağır bir mərhələyə qədəm qoymuşdu. Bu mərhələ Azərbaycanın bir dövlət kimi, azərbaycanlıların bir xalq kimi gələcək mövcudluğu məsələsinin həlli mərhələsi idi. Ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda erməni silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamimilə diqqətdən kənarda qalırdı.

Bir sözlə Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa aparan bir yolda olduqca sürətlə irəliləyirdi. 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin artıq vətəndaş qarşıdurması ərəfəsində olmasının aydın işarəsi idi.

Bizə yaxşı məlumdur ki, Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi.

1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla çəkinməyərək nail oldu. Bu,Ümummilli Lider Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Ulu Öndər Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Ümummilli Lider Heydər Əliyev gəlişinin məqsəd və məramını aydın olaraq belə ifadə etmişdi : “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

Hər bir Azərbaycan vətəndaşı üçün tamamilə şübhəsizdir ki, Azərbaycanda müstəqil, milli, demokratik dövlət quruculuğu 1993-cü il iyun ayının 15-dən başlandı, məhz həmin gündən sonralar milli ideyaya çevriləcək azərbaycançılıq ideyasının əsası qoyuldu, yalnız xalqın mənafeyinə əsaslanan və ona xidmət edən ağıllı, uzaqgörən daxili və xarici siyasət kursu qəbul edildi.

Hakimiyyətə gəlişinin ilk dövründən respublika daxilində hərc-mərcliyin aradan qaldırılmasına, xaosun və siyasi hakimiyyətsizliyin ləğvinə istiqamətlənmiş tədbirlərin görülməsi davamlı ictimai-siyasi sabitlik üçün etibarlı zəmin yaratsa da, bu zəmni daha da möhkəmləndirmək məqsədilə digər sahələrdə də islahatlar aparmaq tələb olunurdu.Ümummilli Liderimiz Heydər Əliyev tarixi vəziyyətin şərtlərini dəqiq qiymətləndirməyi bacaran qüdrətli bir şəxsiyyət kimi ictimai-siyasi sabitlik üçün həm də iqtisadi təməl yaratmağa müvəffəq oldu. Ölkədə bazar iqtisadiyyatının prinsipial qanunauyğunluqlarına istinad edən iqtisadi münasibətlər sisteminin formalaşdırılması, sosial həyatda baş verən dəyişikliklər bir tərəfdən artıq əldə edilmiş və möhkəmlənən sabitliyin nəticələri kimi özünü göstərirdisə, digər tərəfdən, bu sabitliyin uzunömürlülüyünə təminat yaradırdı.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri yeni neft strategiyesının hazılanaraq həyata keçirilməsi olmuşdur.1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” nin imzalanmasının tarixi və misilsiz əhəmiyyəti bu günkü milli inkişaf və ölkəmizin beynəlxalq nüfuzu fonunda daha qabarıq görünür.

Dahi şəxsiyyət Heydər Əliyev milli dövlətçilik strategiyasının həyata keçirilməsində, iqtisadi, yaxud siyasi məzmun kəsb etməsindən asılı olmayaraq irəliyə doğru atılan hər bir addımında qanunçuluq prinsplərinə söykənmişdi. Azərbaycanda hüquqi dövlət quruculuğu işinin uğurla təşkil edilməsi də məhz bunun təzahürü kimi qiymətləndirilir.

Dahi öndərin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası hazırlanaraq 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edildi.

Artıq dünya birliyi Azərbaycan Respublikasını müstəqil, balanslaşdırılmış daxili və xarici siyasəti olan, başqa dövlətlərin hüquq və mənafeyinə, beynəlxalq hüququn normalarına hörmətlə yanaşan və özünə də hörmətlə yanaşılmasını tələb edən demokratik və sivil dövlət kimi qəbul etmişdir.

Bəli, 15 iyun 1993-cü ildən – Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Dövlətçilik konsepsiyasını məhz Ümumilli Lider Heydər Əliyevin strateji kursu üzərində formalaşdıran möhtərəm Prezidentimiz İlham Əliyev milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirir. Azərbaycan bu gün tarixi reallıqlar yaradır. Müzəffər Ali Baş Komandan xalqın birliyinə, millətin mübarizə və ləyaqət duyğularına arxalanaraq regionda sülh carçısı, işıqlı gələcəyə aparan bələdçi rolunu oynayır. Dünyada baş verən proseslərin dərin analizini və təhlilini aparan, siyasi iradə nümayiş etdirən Cənab Prezident İlham Əliyev hamını reallıqları qəbul etməyə çağırır.

 

Saleh  Sadıqov,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Hidrogeoloji Meliorativ Xidmət idarəsinin  rəisi, Ü.Hacıbəyov  84  ərazi partiya təşkilatının sədri, əməkdar mühəndis