Heydər Əliyev ölkəmizi ağır günlərdən çıxararaq güclü Azərbaycan yaratmağı bacardı

 11:06 15.06.2022     725

Müstəqilliyini yeni bərpa etmiş Azərbaycanda siyasi xaosun hökm sürdüyü bir vaxtda yalnız Heydər Əliyev fenomeni Azərbaycan dövlətini xilas edə bilərdi. Ona görə də Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun xalqımız üçün ən önəmli tarixlərdən biridir. Müstəqilliyimizin bərpasından sonra baş verən hadisələr müasir tariximizdə həssaslığı ilə yadda qalıb. Cərəyan edən hadisələrin əksəriyyəti bizim əleyhimizə idi. Ulu Öndər xilaskarlıq missiyası və peşəkar fəaliyyəti ilə zamanı bizim xeyrimizə dəyişdirdi. Bunun nəticəsində müasir Azərbaycan regionun lider dövlətinə çevrilmiş və dünya ölkələri arasında söz sahibi olmuşdur. Müasir Azərbaycanın varlığı Ulu Öndərin adı ilə bağlıdır.

Ulu Öndər 1993-cü ildə Prezident seçiləndə tarixi şərait zəminində müstəqilliyimizin bərpasına toxunaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının müstəqilliyi eyni zamanda Respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyub. Dövlət müstəqliiyini möhkəmləndirmək, müstəqil dövlətin quruluşunu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bötüvlüyünü və suverenliyini təmin etmək, Azərbaycan Respublikasını müharibə şəraitindən çıxartmaq, vətəndaşların rifah halını yaxşılaşdırmaq, onların yaşaması və yaratması üçün lazımi şərait yaratmaq kimi vəzifələri ifadə edərək bunların onun üçün əsas istiqamət olacağını xalqa bildirmişdi. O, ölkəmizi ağır günlərdən çıxararaq güclü Azərbaycan yaratmağı bacardı.

Müzəffər Ali Baş Komandanımızın Şuşa azad edilərdək xalqa müraciəti zamanı “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deməsi ilə bir daha hər birimizə əyan oldu ki, Ulu Öndər ömrünün son anlarında da Azərbaycanı düşünüb, onun gələcəyi ilə bağlı tövsiyələr verib. Cənab Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi xalqımızı xoşbəxt gələcəyə aparır, hər zaman daha güclü Azərbaycan naminə əzm və iradə ilə çalışır.

Azərbaycan xalqı Ümummilli Liderimizin dövlətimizin var olmasına, xalqımızın əmin-amanlığına səbəb olan xidmətlərini heç vaxt unutmayacaq. Eyni zamanda, xalqımız bu işlərin yalnız onun siyasi varisi İlham Əliyev tərəfindən davam etdiriləcəyini də bilərək ona arxalanır. Azərbaycanda çox gözəl bir mənzərə var: Prezident Xalqa, Xalq Prezidentə inanır. Bu inamla daha güclü ölkənin vətəndaşı olur və daha parlaq gələcəyə əminliklə addımlayırıq.

Şahin İsmayılov,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü