Prezident yeni fərman İMZALADI

 12:21 15.06.2022     493

Prezident İlham Əliyev ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında Fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizi dövlət tərəfindən maliyyələşdirilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni həyata keçirmək üçün tələb olunan vəsaitin hər il dövlət büdcəsindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ayrılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.