AZAL-dan Naxçıvana bilet tapılmaması ilə bağlı AÇIQLAMA

 14:22 16.06.2022     2640

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Naxçıvana təyyarəyə bilet tapılmaması barədə məsələ qaldırıb. O, bildirib ki, bu sahədə əməlli-başlı dərəbəylikdir.

"Biriləri kimsənin rəyini soruşmadan  bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Üstəlik əldə etdiyim məlumata görə bu biletlər gizli şəkildə məlum turizm şırkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm", - deyə millət vəkili qeyd edib.

Deputatın qaldırdığı məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) müraciət etdik.

Qurumun mətbuat katibi Paşa Kəsəmənli Redaktor.az-ın sorğusuna cavab olaraq bildirdi ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytında almağı təklif edir:

"Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək.

Hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər. 

Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir. Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq.

Naxçıvana və ya geri istiqamətdə reyslərə onlayn aviabilet alınarkən saytda həmçinin səyahət edən sərnişinin vətəndaşlığını seçmək üçün sahə göstərilir".

AZAL-ın mətbuat katibi xatırladıb ki, respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

Bundan əlavə, qeyd edilən reyslərdə bir sıra kateqoriyalı sərnişinlər üçün endirim nəzərdə tutulub. Belə ki, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvanın hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.

Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə aviabiletlərin alınmasına dair təlimatla aşağıdakı keçid vasitəsilə videoçarxda tanış ola bilərsiniz:

Fəridə Şirinova

Vumart və Güvən reklamı Vumart Güvən