Bakıda daha bir qanunsuz parklanma yeri salınır? - FOTO

 14:34 16.06.2022     152

Bakıda yenə qanunsuz parklanma yeri salındığı iddia edilir. 

Redaktor.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb. 

Belə ki, iddialara görə, paytaxtın Yasamal rayonun Ələsgər Ələkbərov küçəsində piyada səkisi dağıdılaraq parklanma sahəsi ayrılıb. 

Piyadalar üçün nəzərdə tutulan səki isə üç dəfəyə qədər daraldılıb.

Məsələ ilə bağlı Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə kommunikasiya xətləri ilə bağlı qazıntılar aparılıb:

“Ərazidə parklanma yaradılması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Sözügedən ərazidə kommunikasiya xətləri ilə bağlı işlər yekunlaşdıqdan sonra asfalt örtüyü bərpa ediləcək”.

Qeyd edək ki, bir neçə gün öncə Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi və yerində parklanma yeri salınması ilə bağlı məlumat yayıldı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, sözügedən ünvanda ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanıldı. Prezidentin tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yeri söküldü və piyada səkisi əvvəlki vəziyyətinə gətirildi. Məsələ ilə bağlı Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələndi.