Komitə sədri sığınacaqda məskunlaşmış şəxslərlə görüşdü - FOTO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup vətəndaş cəmiyyəti institutlarının rəhbəri, ictimai fəalla Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə baş çəkib.
Redaktor.az xəbər verir ki, komitə sədri və könül dostları müəssisədə məskunlaşmış 110 nəfərlə görüşüb.
Qeyd edək ki, onlardan sosial təhlükəli durumda olan 21 nəfəri kimsəsiz uşaq (10 oğlan, 11 qız),
52 nəfəri 18 yaşdan yuxarı, yaşayış yeri olmayan şəxslər (36 kişi, 16 qadın),
9 nəfər görmə qabiliyyəti məhdudluğu olan vətəndaşımız (6 kişi, 3 qadın), habelə
28 nəfəri məişət zorakılığına məruz qalan (6 oğlan, 22 qadın) insanlar təşkil edir.
Ürək sözlərini bölüşən Q.Paşayeva qayğıya ehtiyacı olan insanları, özəlliklə uşaqları, qadınları, yaşlıları ziyarət etməyi, onların sevincinə səbəb olmağı mənəvi borc və fəzilət kimi dəyərləndirib:
"Belə xeyirxahlıqda bulunan bütün könül dostları qrupumuzun üzvlərinə bir daha təşəkkürlərimi yetirirəm. Xeyirxahlıq, həssas qruplara, kimsəsizlərə şəfqət xalqımızın xarakterindən, ölkəmizin gözəl ənənələrindən irəli gəlir.
İnsanları sevindirmək ən böyük könül şadlığı, qəlb fərəhidir. Xeyirxah insanlarımızı, bütün könül dostlarımızı belə ziyarətlərdə iştiraka dəvət edirəm".
Komitə sədri və ziyarətdə iştirak edən könül dostları Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində məskunlaşmış insanlara müxtəlif hədiyyər bağışlayıb, onlarla könül söhbəti edib, qayğıları, arzuları ilə tanış olublar.


